
“Bakı Ekspo Mərkəzi”ndə keçirilən və 3 gün davam edən dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi 21 iyul tarixində başa çatıb.
AzEdu.az xəbər verir ki, final mərhələsinin son gününə nüfuzlu qonaqlar müsabiqənin dəyərli mentorları qoşulublar. Belə ki, müsabiqənin Təşkilat Komitəsinin sədri, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva,
• Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov,
• Ədliyyə naziri Fərid Əhmədov
• Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev
• Elm və təhsil naziri Emin Əmrullayev
• Mədəniyyət naziri Adil Kərimli
• Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva
• Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov
• Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov
• İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev
Fərhad Hacıyev qonaqları və iştirakçıları salamlayaraq “Yüksəliş” müsabiqəsinin kadr ehtiyatı bankı haqqında ətraflı məlumat verib. O bildirib ki, həm “Yüksəliş” iştirakçılarının, həm də dövlətin gözləntilərini qarşılamaq üçün effektiv alət, həmçinin, qurumların istedadlılara, istedadlıların isə yeni karyera imkanlarına əlçatanlığını təmin etmək üçün beynəlxalq təcrübə əsasında yaradılmış sistemindən - kadr ehtiyatı bankından istifadə etmək olar.
Fərhad Hacıyev vurğulayıb ki, burada əsas üstünlüklərdən biri də istifadəçilərin profillərinin ölkənin aparıcı dövlət və özəl qurumları tərəfindən izlənilə və dəyərləndirilə bilməsidir. Bu isə öz növbəsində istifadəçilərə yeni fürsətlər qazandıra bilər.
Finalçılar Təşkilat Komitəsinin üzvləri və mentorların müşahidəsi ilə “Mentor keysi” üzrə tapşırıqları yerinə yetiriblər. Mentorların suallarına cavab verən iştirakçılar keys üzrə təqdimatdan sonra onlar tərəfindən qiymətləndiriliblər. Hər mentor komandada öz səriştəsi ilə seçilən bir finalçıya qiymətləndirmə balı təqdim edib. Təqdim edilən mentor balı iştirakçıların ümumi balına əlavə ediləcək.
Dördüncü “Yüksəliş” müsabiqəsinin qaliblərinin adları növbəti iş günləri ərzində açıqlanacaq.
Qeyd edək ki, finalda müsabiqənin əvvəlki dörd mərhələsini uğurla başa vuran 118 nəfər iştirakçı mübarizə aparırdı. İştirakçıların mübarizəsi keyslər üzərindən davam edib və onların “İdarəçi rollar üzrə modeli” ekspertlər tərəfindən qiymətləndirilib.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca dördüncü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 dekabr 2023-cü il tarixində müvafiq Sərəncam imzalanıb.