Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-08 14:17:00
Ziyalılar rus bölmələrində Azərbaycan dilinə münasibətdən  narazıdırlar? – Səbəblər, faktlar

2019-cu ildə keçiriləcək buraxılış imtahanlarında rus bölməsində təhsil alan şagirdlər əlavə olaraq,  Azərbaycan dilindən də imtahan verməlidirlər. Bu, rus sektorunda təhsil alan şagirdlərin və onların valideynlərinin narazılığına səbəb olub.

Bəs, rus bölməsində təhsil alanlar niyə doğma dillərində imtahan vermək istəmirlər?

Bu, onlara Azərbaycan dilinin zəif tədris olunması və ya vətənpərvərliyin aşılanmamasıyla bağlı ola bilərmi?

Mövzuyla bağlı AzEdu.az-a danışan təhsil eksperti Nadir İsrafilovun sözlərinə görə, problemi hər dəfə qaldırmaq yox, onun üstünə getmək lazımdır:

“Rus bölmələrində Azərbaycan dilinin tədrisi, eynilə Azərbaycan bölmələrində rus dilinin tədrisi sıradan, adi  deyil, cəmiyyətimiz üçün taleyüklü məsələdir. Bu istiqamətdə polemikalar bu gün də səngimək bilmir. Məsələyə yanaşmalar isə fərqlidir. Radikal mövqe tutanlar, məsələni siyasi müstəviyə qaldıranlar da var. Bu isə hər şeydən əvvəl məsələnin mahiyyətinə varmaq, səbəb və nəticələri ciddi şəkildə təhlil edib ümumi mövqe sərgiləməyi tələb edir.

Təhsil siyasətində dövlətin əsas prinsipləri təhsil fəaliyyətinin bilavasitə təhsilalanın mənafeyinə yönəldilməsi, onun milli və ümumbəşəri dəyərlərə, insan hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə edilməsi, bütün şagirdlər üçün bərabər təhsil şəraitinin yaradılması və onların təhsil hüququnun təmin edilməsi, təhsilin dövlət standartlarına, şəxsiyyətin, dövlətin və cəmiyyətin maraqlarına uyğunluğundan ibarətdir”.

Nadir İsrafilov: “Ümumi təhsil  Azərbaycanda  fasiləsiz təhsil sisteminin bir pilləsi olmaqla fərdin, cəmiyyətin və dövlətin maraqları nəzərə alınaraq davamlı inkişaf etdirilən və təhsilalanlar tərəfindən bilik, bacarıq və vərdişlərin mənimsənilməsini təmin edən prioritet fəaliyyət sahəsidir”.

Ekspert bu barədə qanunvericiliyin tələblərindən də söz açıb:

“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu layihəsində də birmənalı şəkildə nəzərdə tutulub ki, ümumi təhsil müəssisələrində tədris dili dövlət dili – Azərbaycan dilidir. “Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıхdığı beynəlхalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun, təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı,  tariхi  və cоğrafiyası tədris оlunmalıdır.

Bununla belə, istər rus bölməsində Azərbaycan dilinin, istərsə də Azərbaycan bölməsində rus dilinin tədrisi vəziyyəti ilə bağlı həllini gözləyən bir çox problemlər hələ də qalmaqdadır.

Bu da təhsilalanların, təhsilverənlərin, valideynlərin, bütövlükdə ictimaiyyətin haqlı narazılıqlarında və narahatçılığında öz ifadəsini tapır. Problemi aradan qaldırarkən səbəb-nəticə əlaqələrinə biganə yanaşmaq, nəticəni qabardıb, səbəblərdən yan keçmək heç bir halda vəziyyətdən çıxış yolu ola bilməz. Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində rus dilinin tədrisinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsinin valideynləri lazımınca qane etməməsidir?”

Nadir İsrafilov düşünür ki, səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilli ədəbiyyatların hələ də dominantlıq etməsi də ola bilər:

“Bəlkə rus bölməsilə müqayisədə Azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qaneedici deyil? Bəlkə bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xətrinə ailədə və məişətdə rus dili danışığına üstünlük verməsidir? Bəlkə əksəriyyət qurum və şirkətlərin işə qəbul olunanlar qarşısında rus dilini mükəmməl bilmək tələbi qoymasıdır? Yəni,  vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir. Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində rus dilinin, rus bölməsində Azərbaycan dilinin tədrisi səviyyəsi qaldırılmalı, azərbaycanlı uşaqların rus bölməsinə qəbulu zamanı onların bu dilə nə dərəcədə yiyələnib - yiyələnməmələrinə xüsusi diqqət yetirilməlidir. Bir sözlə desək, problemi hər dəfə qaldırmaq yox, problemin üstünə getmək lazımdır”

Politoloq Zaur Məmmədov bildirib ki, məktəblərdə xarici dillərə önəm verilməsi olduqca vacib məqamdır:

“Gənclər nə qədər çox xarici dil bilsə, bir o qədər yaxşıdır. Lakin biz öz ana dilimizi və tariximizi qorumağı da unutmamalıyıq. Yaxşı olardı ki, orta məktəblərdə rus və ingilis dilləri xarici dil kimi həftədə 5 dəfə keçirilsin. Məktəblərdəki müxtəlif fənlər isə ana dilində tədris olunsun. Məktəb vaxtı uşaqlar sosiallaşma prosesini keçirlər. Onların milli mentalitetinin  davranış mədəniyyətinin formalaşması bu yaşlara təsadüf edir. Eyni zamanda məktəbdə uşaqlar tarixi daha yaxşı qavrayırlar. Müasir Azərbaycan gəncliyi tarixini, ana dilini yaxşı bilməli vətənpərvər ruhda böyüməlidir”.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları