
AzEdu.az təhsil portalı “Ucqar kəndin gənc müəllimi” layihəsini davam etdirir.
Bu günə kimi respublikanın bir sıra ucqar rayonlarının kəndlərində işləməyə gedən gənc müəllimlərdən müsahibələr götürülüb və onların problemləri, iş, dərs şəraiti öyrənilib.
Budəfəki müsahibimiz Şirvan rayon 16 saylı tam orta məktəbin Fiziki tərbiyə müəllimi Nuray Mehrəliyevdi.
Hər dəfə olduğu kimi bu dəfə də müsahibi oxucularla baş-başa qoyacağıq... Amma bir əmma çıxanda biz də gələcəyik... Hələlik, isə sizi baş-başa buraxaq:
İdmandan müəllimliyə.... Bir zədənin tarixçəsi
-Mən Məhrəliyev Nuray 1991-ci il 30 iyul Ağsu rayon Pirhəsənli kəndində doğulmuşam. Pirhəsənli kənd tam orta məktəbi əla qiymətlərlə başa vurub, 2009-cu ildə Bədən Tərbiyəsi və İdman Akademiyasına - ADBTIA-na qəbul olunmuşam.
Uşaqlıqdan idmana xüsusi sevgim olduğu üçün seçimimi bura etdim. Peşəkar güləşlə məşğul olmaq istəyirdim. Ölkədaxili müxtəlif yarışlarda nəticələrim də olub... Lakin... Yarışların birində sol ayağım ciddi zədələndi. Bu səbəbdən, professional idmandan uzaqlaşmağa məcbur oldum və heç tərəddüd etmədən özüm üçün uşaqlıq arzum olan müəllimlik sənətinə sahiblənmək qərarına gəldim.
Hər iki valideynim və bir bacım bu şərəfli peşənin layiqli davamçıları olduğundan, məndə elə lap kiçik yaşlarımdan ya tanınmış idmançı, ya da mükəmməl müəllim olmaq arzuları yaranmışdı. Taleh elə gətirdi ki, mən hər iki arzumu birlikdə realladırmaq şansı qazandım.
2014 -cü ildə Təhsil Nazirliyinin Müəllimlərin İşəqəbul İmtahanında iştirak edib, mümkün 35 baldan 31 bal toplayaraq, Ağsu rayon Dilman kənd tam orta məktəbinə müəllim təyin edildim.
MİQ imtahanında topladığım nəticəm arzulanan idi. Qəbul olunduğumu ilk eşitdiyimdə, müəllim olacağımı biləndə, bu sevinci cümlələrlə ifadə etmək sadəcə, mümkün deyildi.
Nazirliyin gənc müəllimlərə xüsusi qayğısı həmişə olub və xüsusən də əgər yüksək dağ məktəblərində işləyirsənsə, bu diqqət daha qabarıq səviyyədə artacaq.
İşləyəcəyim məktəb elə mən qəbul olunduğum ildə tikilmişdi. Bir kənd məktəbi üçün çox ideal idi.
Dağlar qoynunda qoynunda....
Müəllimliyin ilk günündən də bir az danışım... Həmin gün çox həyəcanlı idim. Hər gənc müəllim kimi, mənim üçün də o gün həyəcanlı keçmişdi... Lakin başlamaq lazım idi. Çoxdan istədiyim, xəyalını qurduğum şərəfli müəllim peşəsinə məhz o gün başlamaq lazım idi.
...Və başladım... Məktəb rəhbərliyinin təqdimatından sonra ilk iş günümə siniflərlə tanış olmaqla başladım. Rayon mərkəzindən 35-km uzaq dağ kəndində təhsil alan şagirdlərin dünyagörüşü, təhsil səviyyələri ilə tanışlıq hədsiz zövqverici idi. Düşünərdim ki, kənd məktəbləri gözdən-könüldən uzaq olduğu üçün, burada təhsil yüksək olmayacaq. Amma elə ilk gündəcə bunun tam əksini gördüm və bu mənə çox xoş təsir bağışladı.
O günlərin xatirəsi - Dilman ucqar dağ kəndidir. İşləməyə getməzdən əvvəl ora haqqında bildiyim tək şey kəndin ərazisindəki şəlalənin, gur bulaqların olması idi. Dilman kəndi haqqında kitablarda oxumuşdum. Oranı görməyi çox istəyirdim və tale elə gətirdi ki, Dilman müəllimliklə bağlı ilk xatirələrimin məskəni oldu. Məktəbinə isə söz ola bilməz. Elə mən ora qəbul olunduğum il tikilib istifadəyə verilmişdi. Müasir məktəb binası, savadlı uşaqlar... Bir sözlə, gənc müəllim üçün hər şərait var idi.
İlk dərsim 8-ci sinif şagirdlərinə oldu. İlk dərs günü, yeni istifadəyə verilən məktəb binası, yeni müəllim-bunların hamısı uşaqlarda sevinc yaratmışdı və məni də öncə o sevincin özü qarşıladı. Uşaqlarla ətraflı tanışlıqdan sonra onların hansı sənət-peşə sahibi olacaqları, uşaqlıq arzuları ilə maraqlandım. Əksəriyyəti müəllim olmaq istədiklərini dedilər. Bu tanışlıq zamanı diqqətimi çəkən uşaqlardan birinin beyin cərrahı olmaq arzusu idi. Həmin şagird istəyini bildirəndə uşaqlarda haradasa “gülüş” yarandı, amma insanların hər zaman əlçatmaz arzularla yaşamalı olduğunu onlara dedim. Maraqlı söhbətimizi zəngin səsi kəsdi. Mən həqiqətən, çox xoşbəxt idim. Çünki uşaqlıq arzum bu gün gerçəkləşmişdi. Sinfə girib ilk dərsimi uğurla keçmişdim.
İlk dərs günlərində məktəbə, kollektivə, “müəllim” müraciətlərinə uyğunlaşmaq, hər uşağın fərqli dünyası, arzusu ilə tanışlıq çox zövqverici idi. Amma həmin ilk günlərin maraqlı xatirələri də çox olurdu. Şagirdlərin əvvəllər müasir məktəb binaları olmadıqları üçün idman haqqında çox az məlumatları vardı. Hətta idman topundan qorxan şagirdlərimiz də olurdu.
Hamı, kər kəs sağ olsun, amma və lakin....
– Təhsil şöbəsinin diqqət və qayğısı ilk günlərdən hiss edilirdi. Məktəbə yaxın yerdə evlə təmin edildim- kənd yeri üçün şəraitli ev idi. Amma günümün çox hissəsi evdə deyil, məktəbdə keçirdi. Çünki idman müəllimi olmağıma baxmayaraq, incəsənətə marağım çox böyük olub. Dərsdən sonra uşaqlarla məktəbin müxtəlif tədbirlərinə hazırlıq keçirdik. Kənd camaatı da çox mehriban və qayğıkeş insanlardı. Demək olar, hər kəs ilk günlərdə mənimlə maraqlanırdı.
Bu da sizə “...amma və lakin...”
-Ucqar dağ kəndlərindəki əsas problem qızların təhsildən yayındırılması, erkən yaşda ailə qurmalarıdır. İşlədiyim kənddə də eyni problem yaşanmaqda idi. Valideyn iclaslarında dəfələrlə bu məsələlər haqqında ətraflı söhbətlər, maarifləndirmə tədbirləri keçirmişdik. Məktəbyaşlı insanın ailə məsuliyyətini dərk etmədiyini, şagirdlərin, xüsusilə də qız uşaqlarının təhsil almasının vacibliyini bu iclaslarda hər zaman vurğulamışıq.
HAŞİYƏ – Dağ kəndlərində çalışanda elə bir çətinliyim olmayıb. Sadəcə, rayon mərkəzindən çox uzaqda olan məktəbdə işləmək nə qədər asan görünsə də, bir o qədər də çətindi. Kəndin qış ayları hədsiz sərt olur. Ucqar kənd olmasına baxmayaraq, Dilman fasiləsiz qazla təmin edilir. Bu səbəbdən, istiliklə bağlı ciddi problemimiz olmadı. Mən orada iki il çalışdım. Sonradan, ailə vəziyyətimlə əlaqədar, 2016-cı ildə yenidən imtahan verərək, Ağsu rayonu Qaraqoyunlu kənd orta məktəbinə işə qəbul olundum. Müəllimlərin yüksək əmək haqqı almadıqlarını əvvəldən bildiyim üçün heç zaman maddiyyatı düşünməmişəm. İmtahanla qəbul olunduğum üçün, həmçinin, rayon mərkəzindən uzaqdakı məktəbdə çalışdığıma görə maaşa müəyyən əlavələr edilir. Az da olsa, kənd yerlərində yaşamaq üçün kifayət edir.
İndi isə...
Hazırda çalışdığım Şirvan rayon məktəbinə ilk gəldiyimdə təhsil şöbəsinin müdiri Rövşən Allahverdiyev cənabları ilə görüşüm oldu. İlk görüşümdəcə hədsiz sadə və qayğıkeş rəhbərlə söhbət mənə seçimimdə yanılmadığımı anlatdı. Məndə nə qədər ki, təhsilə bu cür məsuliyyətlə nəzarət edən rəhbərlər olacaq, o qədər də təhsilimiz inkişaf edəcək duyğusu formalaşdı.
Məktəbə gəldiyimdə isə ideal səliqə məni sadəcə, valeh etdi. Məktəbin direktoru elmlər namizədi Çingiz Şirəliyev cənablarının qəbulunda oldum. Çox qonaqpərvər qarşılanma məndə xüsusi ruh yüksəkliyi oyatdı.
Bir il ərzində idman sahəsinə məktəb rəhbərliyinin xüsusi diqqəti və qayğısının nəticəsi olaraq şəhər üzrə voleybol idman növündə birinci yerə, basketbol idman növündə ikinci yerə ,futbol yarışında şəhər üzrə ikinci yerə layiq görülməmiz bu diqqətin nəticəsidir. İlin sonunda fəxri fərmanla təltif edildim, müxtəlif mükafatları qazandım.
Yeni təyin edilmiş direktorumuz Aynurə Rzayeva idmana xüsusi diqqət göstərərək daim komanda üzvləri ilə görüşlər keçirir, məşqçi -müəllimlərin problemləri ilə yaxından maraqlanır.
Biz müəllimlər...
Müəllimlər ruhən qocalmaz varlıqlardı... Zahirən isə bəzən, çox qoca görünürlər. Gəncliklərini, illərini cəmiyyətə əsl vətəndaş yetişdirmək üçün xərcləyən müəllimlərin həyatdakı ən böyük qazancları elə bu gənc, qocalmaz ruhdur. Müəllim üçün onsuz da bundan gözəl hədiyyə ola bilməz.
İllər alnında, simasında qırışlar açır, gənclik o qırışların içində gizlənir, amma ruh cavan qalır... Bundan gözəl xoşbəxtlik olarmı?!
Bunu Allahın biz müəllimlərə verdiyi xoşbəxtlik kimi qəbul edirəm... Bilirsiz, bizim daxilimizdə daim bahar olur. Dəqiq bilirəm ki, yaşlaşanda da bu bahar mənimlə qalacaq... Gənc fidanları böyüdə-böyüdə, onları yetişdirə-yetişdirə müəllim də öz baharını yaşayır. Hər fidanda imzası olan baharı...
Pedaqoji sətirlər üzərində
-O gün.... Mənim üçün dünyanın ən qeyri adi günündə -müəllimliyin ilk saatlarında qərara aldım ki, hər şagirdə fərdi yanaşmaq lazımdır...
Elə bu gün də onlarla fərdi tanışlıq təşkil edir, gələcək arzuları ilə maraqlanmağı çox sevirəm.
Müəllim üçün uşaq gülüşü qədər dəyərli heç bir hədiyyə ola bilməz. Bəzən, ailəsində problem yaşayan qəmgin uşaqlara da rast gəlirəm. Kimini dərs dediyim sinifdə görürəm, kiminisə kənardan müşahidə edirəm. Düşünürəm, çox təəssüf ki, ailələrdə bu cür boşluqlar olub və ən böyük zərbə uşaqlara dəyir. O cür psixoloji zərbə alan uşaqlara dərslərdə xüsusi diqqət göstərirəm. Uşaqlar Allah tərəfindən göndərilmiş mələklərdir mələklərə istiqamətçi, bələdçi olmaq qədər zövqverici ikinci bir mükəmməl sənət yoxdur.
İnsanlar daim yaşamaq arzusundadılar, bunun üçün alimlər illərdir təcrübələr, sınaqlar aparır. Amma mən düşünürəm ki, müəllimlər bu dünyanın həmişəyaşar insanlardır. Cismən olmasa da, ruhən hər bir şagirdin xatirəsində daimyaşarlıq qazanırıq biz...
“İdman müəllimi” ilə Fiziki tərbiyə mütəxəssisinin dueli
Düzdü, cəmiyyətdə “fiziki tərbiyə müəllimləri qolu güclü və savadsızdı”, deyə düşünənlər var. Bacardığım qədər, bu fikirlərin hər kəsə aid olmadığını sübut etməyə çalışıram. Şagirdlərimin rayondaxili və ondan xaric yarışlarda qazandığı uğurları görən istənilən insan işimdəki məsuliyyətə şübhə etməz. Kurrikulum sistemi bizə fiziki tərbiyə dərslərini maraqlı etməyə köməklik göstərir. Özüm iki il sərbəst güləşlə məşğul olmuşam. Müxtəlif nəticələrim də var. Lakin sol ayağımdan ağır zədə aldığım üçün ixtisasımı dəyişərək, voleybolu seçdim. Bu idman növü üzrə birinci dərəcəli hakim adına layiq görüldüm. Heç təsadüfi deyil ki, Ağsu raon Qaraqoyunlu kənd orta məktəbinin “Turan” voleybol komandası rayon birinciliyini qazanaraq, kuboku məktəbimizə gətirdi.
Məktəbin tanıdılmasında idman sahəsində qazanılan uğurların, birinciliklərin xüsusi yeri olub. İlk işlədiyim Ağsu rayon Dilman kənd tam orta məktəbində idman sahəsində qazandığımız birinciliklər, sonra yerdəyismə imtahanı verərək işlədiyim Ağsu rayon Qaraqoyunlu kənd tam orta məktəbindəki uğurlarımız və hazırda işlədiyim Şirvan şəhər B.Aslanov adına 16 nömrəli tam orta məktəbdəki uğurlarımız olub...
Amma bəzən, cılız düşüncələrlə də rastlaşmışam. Tədris etdiyim predmete dırnaqarası yanaşanları da görmüşəm. Lakin yuxarıda dediyim uğurlar bu cür cılız düşünən, “idman fənnidir” deyib, dərsimə dırnaqarası yanaşanlara ən ideal cavab olub.
Bu gün də məqsədlərim sonsuzdur... Fikrimcə, başqa cür yaşamaq mümkün də deyil... Daim zirvələrə addımlamalıyıq zirvənin bitdiyin düşünsək, inkişafımız mümkünsüz olar.
MİQ imtahanları...
-Dediyim kimi, müəllimlik adını MİQ imtahanlarından sonra qazanmışam. İmtahanda çətinliyim olmadı, oradakı uğurlu nəticəmi Diaqnostik Qiymətləndirmə imtahanında da təkrarladım; mümkün 60 baldan 53-nü toplamaqla...
Bu nəticələrim uğura aparan yollarımı daha da işıqlandırdı.
Yenidən qayıdım yarışlara.... Şagirdləri tez-tez müxtəlif yarışlara aparıram. Hər yarışdan sonra məktəb rəhbərliyi onlara daim qayğı ilə yanaşıb. Əvvəlki direktorumuz Çingiz Şirəliyev və yenisi Aynurə Rzayeva idman sahəsinə həmişə xüsusi diqqət və qayğı ilə yanaşmaqdadır. Bunun nəticəsidir ki, şəhər üzrə təşkil edilmiş bütün yarışlarda rəqiblərin arzulamadığı rəqibə çevrilmişik.
Səhər gimnastikası zamanı komandaların müəllim, şagird kollektivi önündə müxtəlif həvəsləndirici diplom və medalların təqdimat ənənəsinin əsasını qoymuşuq. Düşünürəm ki, fərqlənən idmançı ruhlu şagirdləri bu yolla idmana daha da sevdirmək olar.
Bu günə qədər üç məktəbdə işləmişəm: Ağsu rayon Dilman və Qaraqoyunlu kənd tam orta məktəbləri ucqar dağ kəndləri olub. Hazırda isə Şirvan şəhər B. Aslanov adına 16 nömrəli tam orta məktəbdə işləyirəm. Təhsildə elə bir nöqsanlara rast gəlməmişəm, əgər müəllimə dövlət dəstəyi hiss olunacaq səviyyədədirsə, orada inkişaf da mütləqdir.
Desəm, inciyəcəklər...
-65 yaş məhdudiyyəti düşünürəm, düzgün qərardır müəllim yaşlaşaraq şagird qarşısında cılızlasmasının qarşısının alınması və həmişəki hörmətində işini uğurlu başa vurması uğurlu qərarlardandır. Yaşlaşdıqca insanlarda istər-istəməz işləmək istəyi azalır.
Nəticədə maraqsız dərslər şagirdlərdə müəllimə qarşı sevgini azaldır və xüsusən aktivliyi yüksək olan idman dərslərində yaş həddi çox önəmlidir. Yaşlı müəllimlər yəqin ki, şəxsi fikirlərimdən inciməz, amma müəllimlərin illərlə ucaldığı zirvədən maddiyyata aldanaraq o zirvədən enməsinə qarşıyam.
Son söz olaraq....
-Bu gün müəllimlərə dövlət tərəfindən xüsusi diqqət var. Gənc müəllim olaraq bunu hiss edirəm. Xüsusən Təhsil Nazirimiz Ceyhun Bayramovun təhsilimizi inkişaf edən dövlətlərin təhsil səviyyəsinə çatdırmağa doğru atdığı uğurlu addımlarını dəstəkləyirəm. Nazirliyə hər kiçik müraciətim diqqət mərkəzində saxlanılır. İnsan Resursları şöbəsinin müdiri Eşqi Bağırov cənablarına dəfələrlə kiçik problemlərlə bağlı müraciətlərim olub və müsbət həll olunub. Əvvəlki illərdə məktəblərdə gənc müəllimlərə dırnaqarası yanaşan məktəb rəhbərlərinə rast gəlinirdi. Dərs saatlarının verilməsində problemlər yaradılırdı. Lakin nazirliyin ciddi nəzarətindən sonra bu cür neqativ hallar aradan qaldırılıb.
Nöqsan olmayan yerdə inkişaf yoxdur. Nə qədər desək də maddiyat önəmli deyil, bu, yalan olacaq. İndiki zamanda maddi durum önəmlidi və müxtəlif imtahanlar təşkil etməklə əmək haqqıların hiss olunacaq səviyyədə daha savadlılara verilməsi müsbət addımdır. Bu, müəllimlərin diqqətini işlərinə yönəlməsinə ikinci iş yeri qazanc mənbəyi axtarmamasına gətirib çıxaracaq və inaniram ki, təhsilimizin uğurlu inkişafı artan templə dünyanın inkişaf etmiş ölkələrinin təhsil səviyyəsinə çatacaq.
Qeyd: Nuray müəllimin idmanla təbiətin sintezi olan əl işləri....