Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2024-08-20 12:05:00
BMU-İNHA İDP-nin 83 tələbəsi İnçon şəhərindədir

Bakı Mühəndislik Universiteti ilə İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramı (BMU-İNHA İDP) çərçivəsində 83 tələbə IV  kursu Koreya Respublikasında təhsil alacaq. Təhsillərini davam etdirmək üçün 17-18 avqust tarixlərində Koreyaya yola düşən 2021/2022-ci tədris ili proqramının tələbələri artıq İnçon şəhərinə yerləşiblər. 

 

Universitetdən AzEdu.az-a bildirilib ki, sonuncu kursu cari il sentyabr ayının 2-dən etibarən İNHA Universitetində davam etdirəcək 83 tələbə 19 avqustdan etibarən yeni mühitdə tədris prosesinə çevik uyğunlaşmaq məqsədilə intensiv şəkildə baza əsaslı dərslərə qatılırlar.

 

Tədrisi 3+1 modeli əsasında qurulan proqramın şərtlərinə əsasən, tələbələr bakalavriat səviyyəsində informasiya texnologiyaları, inşaat mühəndisliyi, elektrik mühəndisliyi və elektronika mühəndisliyi ixtisasları üzrə 3 akademik ili BMU-da, 1 akademik ili - sonuncu kursu isə İNHA Universitetində təhsil almalıdırlar.

 

Tədris ilini uğurla başa vuran tələbələr hər iki universitetin diplomunu əldə edəcəklər.

 

BMU-İNHA İDP “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir.