
Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov Zamoç şəhərinin meri Andjey Vnukun şəxsi dəvəti ilə Polşa müstəqilliyinin bərpasının banisi sayılan Yozef Pilsudskinin abidəsinin təntənəli açılış mərasimində iştirak edib.
AzEdu.az Azərtac-a istinadən xəbər verir ki, hərbi, siyasi və dövlət xadimi olan Y.Pilsudski 1918-ci il noyabrın 11-də elan edilmiş müstəqil Polşanın ilk dövlət başçısı olub.
Abidə ilk dəfə 1933-cü ildə heykəltəraş Yakub Yuşik tərəfindən düzəldilmiş və Zamoç şəhərinin mərkəzi meydanında ucaldılmışdı. 1942-ci ildə faşistlər tərəfindən partladılmış abidə 76 ildən sonra yenidən bərpa olunaraq əvvəlki yerində ucaldılıb.
Açılış mərasimində iştirak edən səfir Həsən Həsənov daha sonra H.Sinkeviç adına 2 saylı orta məktəbi ziyarət edərək həmin məktəbin kitabxanasına səfirlik tərəfindən nəşr olunmuş 55 adda kitab bağışlayıb.