
Ölkəmizin təhsil sahəsində aparıcı mətbu orqanlarından biri olan “Azərbaycan müəllimi” qəzetinin yaranmasından 90 il ötür. Müasir dövrdə sosial medianın ənənəvi medianı üstələdiyi bir dövrdə ayaqda qalmaq, oxucu kütləsini qoruyub saxlamaq hər mətbu orqana müyəssər olmur. Tam əminliklə söyləmək olar ki, ötən dövrdə Azərbaycan müəllimi qəzeti bu missiyanın öhdəsindən layiqincə gələ bildi. Özü də uzun illər ərzində əldə etdiyi nüfuzu qoruyaraq.
Müasir dövrü sosial media dövrü adlandırsaq yanılmarıq. Ancaq Azərbaycan müəllimi qəzet göstərdi ki, əsil peşəkarlıq nümayiş etdirərək bu işin də öhdəsindən gəlmək mümkündür. Bu gün “Azərbaycan müəllimi” qəzeti sosial mediada Azərbaycanın ən fəal mətbu orqanlardan birinə çevrilib. Demək əziyyət və zəhmət olduğu yerdə, nəticə, xeyir və bərəkət də olur. Yetər ki, çalışasan, səy göstərəsən.
Düşünürəm ki, hazırda təhsilimizin qarşısında duran ən mühüm vəzifələrdən biri uzun illər təhsil sahəsində əldə etdiyimiz ənənələrini qorumaqdır. Hazırda həm ölkəmizdə, həm də dünyada baş verən qlobal hadisələr fonunda bu vəzifəni uğurla icra etmək olduqca çətindir. Ancaq hesab edirəm “Azərbaycan müəllimi” qəzeti bu missiyanı da bacardı.
Hesab edirəm məktəb müqəddəs yer, müəllimlik isə müqəddəs peşədir. Bu gün təhsilimizin qarşısında duran digər çox mühüm bir vəzifə isə müəllimin və məktəbin nüfuzunun, müqəddəsliyinin qorunmasıdır. “Azərbaycan müəllimi” qəzeti bu müqəddəsliyi qorumaq üçün çalışan azsaylı Azərbaycan mətbu orqanlarından biridir desək yanılmarıq. Reytinq arxasınca qaçan bir çox mətbu orqanlardan fərqli olaraq “Azərbaycan müəllimi” qəzeti peşəsinə xəyanət etmir. Müqəddəs yola xələl gəlməməsi üçün səylə çalışır.
Sonda “Azərbaycan müəllimi” qəzetinin fədakar kollektivini yubiley münasibətilə səmimi-qəlbdən təbrik edir, addımladıqları yolun müqəddəsliyini hər zaman qorumağı arzulayıram!
Milli Məclisin deputatı, Ceyhun Məmmədov