Konfransda sessiyalar zamanı müxtəlif ölkələri təmsil edən mütəxəssislər tərəfindən təhsil və qiymətləndirmə sahəsində aktual məsələlər ətrafında fikir və təcrübə mübadiləsi aparılıb.
Konfransda əsasən aşağıdakı mövzular üzrə çıxışlar edilib:
- öyrənmə yönümlü qiymətləndirmənin artan rolu;
- kompüter və multimedia əsaslı öyrənmə, qiymətləndirmə imkanları;
- məlumat ötürülməsindən daha çox öyrənmə strategiyasına doğru keçid;
- 21-ci əsr bacarıqları, qlobal bacarıq kimi ümumi bacarıqlar;
- PISA, TIMSS və PIRLS kimi beynəlxalq qiymətləndirmə alətlərinin rolu.
Tədbirdə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə tərəfindən 2019-cu ildə Bakıda keçiriləcək Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyasının 45-ci illik konfransı haqqında məlumat verilib, həmçinin Avropada olan qiymətləndirmə təşkilatları ilə Azərbaycanda həyata keçirilən təhsildə qiymətləndirmə layihələri (buraxılış və qəbul imtahanlarının yeni modelləri) haqqında fikir mübadiləsi aparılıb.
Konfransda DİM-in Strateji inkişaf şöbəsinin müdiri Vəli Hüseyn “Ölkədə təhsil xidməti göstərən Qiymətləndirmə İnstitutunun yaradılması: Azərbaycan, Qazaxıstan və Niderland nümunələrinin müqayisəsi adlı sessiyada DİM-in qiymətləndirmə sistemi haqqında məlumat verib və müxtəlif yanaşmalar qrup müzakirəsi zamanı müqayisəli şəkildə təhlil edilib. Vəli Hüseyn, həmçinin DİM ilə Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiya (IAEA) arasında olan əməkdaşlıq haqqında məlumat verib və iştirakçıları Bakıda keçiriləcək növbəti illik konfransa dəvət edib.
Konfrans zamanı təşkil olunan tədbirlərdən biri də Mədəniyyət və Dizayn üzrə ArtEZ Akademiyasının (ArtEZ Academy of Art & Design Arnhem) müəllim və tələbə heyəti ilə görüş olub. Görüşdə qabiliyyət tələb edən incəsənət yönümlü ixtisasların qiymətləndirilməsi meyarları haqqında müzakirə aparılıb. DİM nümayəndə heyətinin üzvləri fikirlərini iştirakçılarla bölüşüb və bu sahədə ölkəmizdə olan təcrübəni paylaşıblar. Akademiya haqqında daha ətraflı məlumatı keçiddən əldə edə bilərsiniz: https://www.artez.nl/en/about/institutes/artez-academy-of-art-design-arnhem