
Noyabrın 11-i axşam saatlarından başlayan şiddətli yağışlar nəticəsində Lənkəranın bir neçə yaşayış məntəqəsini su basıb.
AzEdu.az təbiət hadisəsinin məktəblərdə tədrisə, ümumiyyətlə məktəb binalarına nə dərəcədə təsir göstərdiyini müəyyənləşdirmək üçün Lənkəran Rayon İcra Hakimiyyətinin Təhsil Şöbəsi ilə əlaqə saxlayıb.
Şöbə müdiri Aslan İbrahimov bildirib ki, bu, tədris prosesinə demək olar ki, mənfi təsir göstərməyib. Yağış şagirdlərin davamiyyətinə müəyyən dərəcədə təsir etsə də, pedaqoji kollektiv hər şeyi yoluna qoyub:
“Valideynlər övladlarını qucaqlarında, avtomobillərlə məktəbə çatdırırdılar. Bütün bunlar davamiyyətə müəyyən təsir göstərə bilər. Çünki söhbət şagirdlərin islanmasından gedir. Amma bütün hallarda təhsil ritminin pozulmamasına çalışdıq”.
RTŞ-dən bildirilib ki, bəzi məktəblərdə damma baş versə də, ümumilikdə, orta ümumtəhsil müəssisələrində ciddi fəsad yaranmayıb:
“Artıq yağış da bitib və hər şey qaydasındadır. Bu gün tədris prosesi öz axarı ilə davam edir”.
Qeyd edək ki, normadan artıq yağan yağış səbəbindən rayonun dağətəyi ərazisində yerləşən 7 kəndi sel basıb. Ən kritik vəziyyət isə rayonun Yuxarı Nüvədi, Səpirəkəran, Mamusta, Şağlaküçə, Kərgəlan, Şiləvar və Digah kəndlərində yaşanıb.