Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-15 16:25:00
BDU-dakı ilk dərs günündən 99 il ötdü – Təhsilimizdə 15 noyabr “inqilabı”  

 BDU-dakı ilk dərs günündən 99 il ötdü – Təhsilimizdə 15 noyabr “inqilabı”

99 il əvvəl Bakı Dövlət Universitetində ilk dərslər başladı.

1919-cu il 15 noyabrda Azərbaycanın ilk ali təhsil müəssisəsi Bakı Dövlət Universitetində birinci dərs günü elan edilib. 

Azedu.az xəbər verir ki, həmin il 17 noyabrda bununla bağlı “Azərbaycan” qəzetində “Darülfünunun açılması” adlı məqalə çap olunub. Məqalədə qeyd olunur: “ Azərbaycan Darülfünunu, əlbəttə, bir türk Darülfünunudur. Çünki türk milləti, türk hökuməti tərəfindən türk gəncliyi üçün açılmışdır. Darülfünun həyat və məşğuliyyətə başlaması tarixi olan 15 noyabr yeni bir tərəqqi dövrünün açılmasının ibtidaisi olacaqdır”.

Məqalədə yazıldığı kimi də oldu. Azərbaycanda universitet təhsilinin təməlinin qoyulması ilə xalqın elmə, öyrənməyə olan marağı daha da artdı. Bu hadisə milli şüurun, müstəqil dövlətçilik hisslərinin güclənməsinə təkan verdi. 

Qeyd edək ki, Bakı Dövlət Universiteti 1919-cu il 1 sentyabrda Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti tərəfindən təsis edilib.

Nəzrin Abdul