
Noyabrın 16-da Bakıda Azərbaycan Milli Elmlər Akademiyası, MDB-nin iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) birgə təşkilatçılığı ilə “Fizika və lirika: dünya təcrübəsi və MDB ölkələrinin elm və ədəbiyyat reallıqları” adlı beynəlxalq konfrans işinə başlayıb.
AzEdu.az xəbər verir ki, Mərkəzi Elmi Kitabxanada təşkil olunan tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın elm adamlarının və ümumilikdə ictimaiyyətin diqqətini humanitar, texniki və təbiət elmləri arasında əməkdaşlığın vacibliyi, elmi problemlərin həllində multidissiplinar yanaşmaların və innovasiya texnologiyalarının inkişaf etdirilməsinin zəruriliyinə yönəltmək baxımından əhəmiyyətini vurğulayıb. Akademik qeyd edib ki, konfrans müxtəlif elmi istiqamətlər üzrə çalışan alimlər üçün təcrübə mübadiləsi aparmağa geniş imkanlar yaradacaq.
Konfransda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli “Fizika və lirika: dünya təcrübəsi və ölkə reallıqları” mövzusunda məruzə ilə çıxış edib. Konfransın humanitar, texniki və təbiət elmlərində mövcud olan yaradıcı yanaşmaların müzakirəsinə şərait yaradacağını qeyd edib. Akademik, həmçinin MDB ölkələrinin elmi təşkilatları arasında səmərəli dialoqun və əməkdaşlığın qurulmasına əhəmiyyətli töhfələr verəcəyinə əminliyini bildirib.
Tədbirdə BNTİ-nin direktoru, akademik Viktor Matveyevin salamlama məktubu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonra DHƏF-in məsləhətçisi Aleksandr Qonçarov tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək konfransa işində uğurlar arzulayıb.
Daha sonra konfrans işini məruzələrlə davam etdirib.
Konfransa noyabrın 17-də yekun vurulacaq.