
LDU Çexiya universitetləri ilə əməkdaşlıqda maraqlıdır.
AzEdu.az xəbər verir ki, bu sözləri Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Çexiya Respublikasının Bakıdakı səfirliyinin missiya rəhbərinin müavini Daniel Putiklə söhbəti zamanı deyib.
Bu ali təhsil ocağına səfər edən qonaqlara Lənkəran Dövlət Universiteti (LDU) barədə ətraflı məlumat verən professor Natiq İbrahimov Azərbaycan təhsilinin Avropaya inteqrasiyası istiqamətində görülən işlərdən, gələcək prespektivlərdən, qarşıya qoyulan hədəflərdən danışıb.Universitet rəsmisi qonaqların marağına uyğun olaraq onlara ekologiya və aqrar yönümlü fakültələrin işindən, mütəxəssislərin hazırlanması istiqamətlərindən söz açıb, bu sahədə xarici ölkə universitetlərinin qabaqcıl təcrübəsindən yararlandıqlarını vurğulayıb. Eyni zamanda , tələbələrə praktik vərdişlərin aşılanmasında böyük rol oynayan modern laboratoriyaların xaricdən gətirilərək universitetdə quraşdırıldığını deyən N.İbrahimov qonaqları maraqlandıran meşəçilk , turizm və otelçilk ixtisalarında kadrların hazırlanma vəziyyətindən də bəhs edib, Çexiya universitetləri ilə qarşılıqlı əməkdaşlığa maraqlı olduqlarını deyib, tələbə-müəllim mübadiləsinin, birgə elmi konfransların keçirilməsinin , elmi tədqiqatların aparılmasının vacibliyini qeyd edib.
Səmimi qarşılanmaya və ətraflı məlumata görə minnətdarlıq bildirən cənab Daniel Putik Çexiya universitetləri ilə LDU arasında əlaqələrin yaradılmasına vasitəçi olacaqlarını, bu istiqamətdə hər iki tərəfə yardım edəcəklərini deyib.
Görüşdən sonra Daniel Putikin rəhbərlik etdiyi nümayəndə heyəti cənub bölgəsinin zəngin flora və faunası ilə yaxından tanış olmaq məqsədi ilə Hirkan Milli Parkına səfər edib.