Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-22 17:29:27
AMEA-nın bu institutuna yeni şöbə müdiri təyin olundu

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yer Elmləri Bölməsinin büro iclası keçirilib.

AMEA-dan  AzEdu.az-a bildiriblər ki, tədbirdə vitse-prezident, akademik İbrahim Quliyev, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov, büro üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

Əvvəlcə akademik Fəxrəddin Qədirov iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.

İclasda ilk olaraq AMEA-nın Neft və Qaz İnstitutunun elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi məsələsinə baxılıb. Bölmə müzakirədən sonra müvafiq qərar qəbul edib.

Sonra geologiya-minerologiya üzrə fəlsəfə doktoru Aliyə Babazadənin AMEA-nın Geologiya və Geofizika İnstitutunun paleontologiya və stratiqrafiya şöbəsinin rəhbəri vəzifəsinə təsdiq olunması ilə bağlı Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Tədbirdə Geologiya və Geofizika İnstitutunun əməkdaşlarının nəşr üçün təqdim etdikləri əsərlərinin müzakirəsi aparılıb, müvafiq qərar qəbul olunub.

Gündəlikdə növbəti məsələ “Azərbaycan Respublikasında peyk vasitəsilə Yerin məsafədən müşahidəsi xidmətlərinin inkişafına dair 2019-2022-ci illər üçün Dövlət Proqramı” ilə bağlı olub. Prezident İlham Əliyevin bir neçə gün əvvəl müvafiq Dövlət Proqramının təsdiq edilməsi haqqında Sərəncam imzaladığını xatırladan AMEA-nın elmi katibi Sadıx Nəbiyev bildirib ki, sənədə əsasən AMEA qarşısında bir sıra vəzifələr qoyulub. Müzakirədən sonra məsələ ilə bağlı müvafiq qərar qəbul edilib, elmi müəssisələrə təkliflər hazırlamaq tapşırılıb.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.