
Qəbul imtahanlarındakı yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.
Bununla yanaşı, çox zəif nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Lerik rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:
2017-ci ilin göstəricilərinə əsasən, Biləvər kənd orta məktəbindən heç bir məzun ali məktəbə qəbul oluna bilməyib. Üstəlik, 1999-cu ildən 2012-ci ilədək məktəbin qəbul göstəriciləri sıfıra bərabərdir.
Ötən il Tikəband və Gürdəsər kənd orta məktəblərinin də heç bir məzunu ali təhsil müəssisələrinə daxil olmayıb.
Orand kənd orta məktəbinin 2017-ci ildə 1 məzunu universitetə qəbul olunsa da, orta təhsil müəssisəsinin 2004-2006 və 2009-2015 illər aralığındakı heç bir şagirdi tələbə adını qazana bilməyib.
Qeyd olunan məktəblərdə orta bal və qəbul göstəriciləri respublika səviyyəsindən aşağıdır. Bununla yanaşı, Lerikin əksər kənd məktəblərində ali təhsil müəssisələrinə qəbul olunan abituriyent sayı olduqca azdır. Tələbə adını qazananların içərisində isə oğlanlar üstünlük təşkil edir.