
Qəbul imtahanlarındakı yüksək göstəricilərə görə, respublikada bir neçə məktəb xüsusilə seçilir.
Bununla yanaşı, çox zəif nəticələrə sahib, qəbul faizinin respublika göstəricilərindən az olduğu məktəblər də var.
AzEdu.az Dövlət İmtahan Mərkəzinin təsisçisi olduğu “mekteb.edu.az” saytına istinadən, Sabirabad rayonu üzrə qəbul imtahanlarında ən aşağı nəticə göstərən məktəblərdən bir neçəsini təqdim edir:
2017-ci ilin göstəricilərinə əsasən, Sabirabad rayonu üzrə Həşimxanlı 1 saylı kənd orta məktəbi (əvvəlki Həşimxanlı kənd orta məktəbi), Müğangəncəli, Əsədli, Azadakənd, Yaxadəllək, Moranlı, Balvar, Muradbəyli, Əlicanlı kənd orta məktəblərinin 1 məzunu belə ali məktəbə qəbul oluna bilməyib.
Nizami kənd orta məktəbində 1998-2006-cı illər, Əhmədabad kənd orta məktəbində 2009-2015-ci illər aralığında şagirdlərdən heç biri ali təhsil müəssisələrinə daxil olmayıb. Bu məktəblər üzrə ötən ilin göstəriciləri də ürəkaçan deyil. 2017-ci ildə sözügedən məktəblərdən bir məzun belə tələbə adını qazana bilməyib.
Adıçəkilən məktəblərlə yanaşı, rayon üzrə nəticələri yüksək olan orta təhsil müəssisələrinin sayı da azdır. Bir çox məktəblərdə məzunların çox az qismi universitetlərə daxil ola bilib.
Qeyd edək ki, Sabirabad məktəbləri qəbul imtahanlarında respublika üzrə ən aşağı göstəricilərə malik Azərbaycan rayonlarından biridir. Burada ümumi göstəricilər respublika səviyyəsindən aşağı qiymətləndirilir.