
XX əsrin əvvəllərində təhsil, müəllim kadrları ilə bağlı məsələlər acınacaqlı durumda idi. Onların milli birlik kontekstində həllinə nail olmaq zərurəti meydana çıxdı.
AzEdu.az xəbər verir ki, bu məqsədlə 1906-cı ilin 15 avqustunda başlanıb, 30 avqustda başa çatan Azərbaycan Müəllimlərinin I Qurultayı ilə bağlı geniş hazırlıq işləri görüldü.
Qurultayda Azərbaycan dilində mövcud proqramlar müzakirə olunub yenisinin tərtib edilməsi, müvafiq dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması kimi məsələlər müzakirə olunub.
İlk qurultay Azərbaycan təhsili tarixində mühüm rol oynayıb. Bu qurultayın təşkili və keçirilməsində H.B.Zərdabi, N.Nərimanov, A.Şaiq, S.S.Axundov, F.Ağazadə, F.B.Köçərli böyük fəallıq göstəriblər.
“Kişilərlə bərabər, qadınlara da təhsil hüququnun verilməsi”
I qurultayın gündəliyindən:
Hər bir tarixi hadisənin bu və ya digər xalqın həyatında müəyyən müsbət təsiri olur, izi qalır. Bu mənada Çar Rusiyasını silkələyən 1905-ci il inqilabı imperiyada birləşdirilmiş xalqların maarifinə də təsirsiz qalmadı. Xalq maarifinin yerli əhalinin idarəsinə verilməsi, üçillik ibtidai məktəb həcmində ümumi icbari təhsilin həyata keçirilməsi; kişilərlə bərabər qadınlara da təhsil hüququnun verilməsi; tədrisin hər bir xalqın öz ana dilində aparılması; maddi vəziyyətini yaxşılaşdırmaqla xalq müəllimləri hazırlığının təkmilləşdirilməsi və s. tələblər irəli sürüldü.
Qurultayda orta məktəblərin sayının artırılması, müəllim hazırlığının yaxşılaşdırılması, yaşlılar üçün axşam məktəbləri yaradılması problemləri müzakirə olunmuşdu.
“Nizama salınan ruhani məktəbləri”
İkinci qurultay 1907-ci il avqustun 25-də öz işinə başlayıb. Qurultayda 1906-cı ildə çağırılan qurultayın tərtib etdiyi proqramlara, Azərbaycan dili və hesab kitablarına, Azərbaycan dilində tədris üsulunun işlənilməsinə və s. məsələlərə baxılıb.
Qurultayda əsas yer ruhani məktəblərinin işini nizama salmağa verilib. İlahiyyat dərslərinin üsuli-cədidlə aparılması üçün mollalara pedaqoji kurs açmaq məsələsi qaldırıldı, ərəb əlifbasının islahı təklif olundu. Eyni zamanda ibtidai qızlar məktəbi üçün ümumi və müntəzəm proqram tərtibi Mahmudbəyova tapşırıldı və Müəllimlər İttifaqının nizamnaməsini qəbul etmək məsələsi ortaya gətirildi.
“Dövlət səviyyəsində keçirilən ilk qurultay”
Əvvəlki qurultaylardan fərqli olaraq 1919-cu ilin avqustunda (20 avqust-1 sentyabr) başlayan III qurultay artıq dövlət səviyyəsində keçirilib, Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırdı.
Qurultayın Xalq Maarif Nazirliyinə təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsini əsas tutan proqram və dərslik islahatı üzrə müvafiq proqram hazırlamaq məqsədilə hökumət komissiyası yaradıldı.
“Savadsızlığa qarşı mübarizə”
Sayca IV qurultay 1925-ci il mayın 25-də öz işinə başladı. 250 nəfər nümayəndənin iştirak etdiyi bu ali məclis Şuralar İttifaqının beynəlxalq vəziyyəti, Şura quruluşunda maarif məsələləri, müəllimlərin cəmiyyətdə rolu məsələlərini müzakirə edərək müvafiq qərarlar qəbul etdi.
Məruzə əsasında qurultayın geniş qətnaməsi qəbul edildi. Qətnamədə yeni sovet məktəbinin gələcək inkişaf yolları müəyyənləşdirildi, ötən illərdə (1920-25-ci illər) məktəb quruculuğu sahəsində görülmüş işlərə yekun vuruldu, qarşıdakı dövrdə məktəb şəbəkəsinin daha da inkişaf etdirilməsi, qadın təhsilinin prioritetlərdən biri kimi ön plana çəkilməsi, məktəb tikintisi, yeni tipli maarif ocaqlarının yaradılması, savadsızlığa qarşı mübarizə, dərslik nəşrinin genişləndirilməsi və digər mədəni-maarif məsələlərinin həlli yolları qərara alındı.
“Kənd müəllimlərinə güzəştlər”
V qurultay 1931-ci il yanvarın 25-də keçirilib. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyov giriş sözü ilə çıxış etdi. ASSR Xalq Komissarları Sovetinin sədri D.Bünyadzadənin məruzəsi dinlənilib, kənd müəllimləri üçün əlavə güzəştləri əks etdirən qətnamə qəbul edildi. Qurultay ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə məsələlərə xüsusi əhəmiyyət verib.
“Müharibədən sonrakı təhsil…”
1946-cı ilin 26 avqustunda başlayan VI qurultay ağır və dəhşətli müharibədən sonra respublika məktəblərində təlim və tərbiyə işlərinin yüksəldilməsi; müəllim hazırlığı və ixtisasının artırılması məsələlərini müzakirə etməyi gündəliyə salıb. Birinci mövzuda Azərbaycan SSR maarif naziri, akademik M.İbrahimov məruzə edib, ümumi icbari təhsil qanununun yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimlərin ixtisasının təkmilləşdirilməsi, pedaqoji elmin öyrənilməsi, məktəbə rəhbərlik və s. haqqında real vəziyyət təhlil olundu.
“Həyat məktəbi..”
1960-cı ilin 14 noyabrında Azərbaycan SSR EA-nın binasında işə başlamış VII qurultayda respublika maarif naziri, professor M.Mehdizadə məktəblərin yenidən qurulmasının ilk yekunlarını təhlil edən məruzəsində "Məktəbin həyatla əlaqəsini möhkəmlətmək və ölkədə xalq maarifi sistemini daha da inkişaf etdirmək haqqında" qərarla bağlı Azərbaycan müəllimlərinin qarşısında duran vəzifələri şərh etdi.
“Təkmilləşdirilən məktəblər”
1967-ci ilin 26 yanvarında öz işinə başlayan VIII qurultayda Azərbaycan SSR maarif naziri M. Mehdizadənin "Sov.İKP-nin XXIII qurultayının qərarları ilə əlaqədar olaraq Azərbaycan SSR-də ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında" geniş məruzəsi dinlənilib müzakirə olundu.
“Şagirdlərin təlim-tərbiyəsinin…”
Azərbaycan SSR müəllimlərinin 18-19 may 1978-ci il tarixlərində Bakıda keçirilən IX qurultayı Sov.İKP MK-nın Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açıldı. Azərbaycanda müvafiq qərarla bağlı görülən işlər və vəzifələr nitqdə şərhini tapıb. "Ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında" partiya və hökumət qərarında əksini tapmış vəzifələrlə bağlı geniş məruzə dinlənildi.
“Təhsil islahatları..”
1987-ci ilin iyununda indiki Heydər Əliyev sarayında keçirilən X qurultayda Azərbaycan SSR maarif naziri, professor K.Rəhimov və Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri H.İsayev məruzə edib, geniş və əhatəli çıxışlarda 1984-cü il təhsil islahatı istiqamətləri ilə bağlı görülən işlərə aydınlıq gətirildi.
Azərbaycan müəllimlərinin XI və XII qurultayları müstəqillik dövründə keçirilən ali məclislər kimi səciyyəvidir.
“Azərbaycan müəllimlərinin himni”
XI qurultay 1998-ci il sentyabrın 25-də Heydər Əliyev sarayında keçirildi. 1995 nəfər nümayəndə qeydiyyatdan keçib, ilk dəfə olaraq Azərbaycan müəllimlərinin himni məhz həmin qurultayda səsləndirildi.
“Ulu öndərin təbriki”
Müəllimlərin 2003-cü ilin 4 oktyabrında Heydər Əliyev sarayında keçirilən XII qurultayı ulu öndər Heydər Əliyevin təbrik məktubu ilə açıldı. Qurultayda milli təhsilimizin problemlərindən, qarşıda duran vəzifələrdən söz açıldı. Vurğulanıb ki, böyük siyasətçi, ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan məktəbi, milli təhsilimiz çox böyük uğurlar qazanıb.
“Azərbaycan təhsili dünya miqyasında”
2008-ci il sentyabrın 22-də Azərbaycan müəllimlərinin XIII qurultayı keçirildi. Qurultaydakı çıxışlarda qeyd olunub ki, Azərbaycan təhsili bütün parametrlərdə uğurları ilə dünya miqyaslı təşkilatların diqqətini cəlb edir. Təhsil sistemində qazanılan nailiyyətlərdə ölkə rəhbəri İlham Əliyevin misilsiz xidmətləri olduğu çıxışlarda öz əksini tapıb.
Milli təhsilimizin inkişaf dinamikasını nümayiş etdirən növbəti qurultay ərəfəsindəyik. Ötən bu illər ərzində həyata keçirilən bir çox layihələr nəticəsində istər ümumi orta, istər peşə, istər orta ixtisas, istərsə də ali təhsil sistemində nəzərə çarpacaq irəliləyişlər barədə bu ilin dekabrında keçiriləcək XIV qurultayda ətraflı məlumat verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, sabah Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçiriləcək.
Qurultayda dövlət və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri iştirak edəcək.
Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə dəvət edilib.