
Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Nazirlikdən AzEdu.az-a bildiriblər ki, mərasimdə Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət müşaviri Yohan Şiterer, Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin məsləhətçisi Qeyrət Şirəliyev iştirak ediblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti rəhbərlik etdiyi müəssisə haqqında ətraflı məlumat verib.
Sonra mərkəzin bədii kollektivi tədbir iştirakçıları qarşısında çıxış edib.
Fransada nağıllar mövzusunda keçirilmiş “4-cü Biennale 2018” beynəlxalq rəsm müsabiqəsində 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzindən Nərmin Abdullayevanın rəhbərliyi ilə rəsm dərnəyinin üzvləri 17 işlə iştirak ediblər. Səkkiz yaşlı gənc rəssam Dəniz Quliyeva qızıl medala, 16 gənc rəssam isə diploma layiq görülüb.