
Azərbaycanda fəaliyyət göstərən bir neçə ali təhsil müəssisəsi xüsusi təyinatlı hesab olunur.
Bu müəssisələrdən biri də Heydər Əliyev adına Azərbaycan Ali Məktəbidir.
Bəs ordu üçün ali təhsilli zabitlər yetişdirən Ali Hərbi Məktəbin fəaliyyəti necə təşkil olunub?
AzEdu.az xəbər verir ki, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali təhsil müəssisəsidir.
Məktəb hüquqi şəxsdir, müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, o cümlədən hərbi əmlaka, xəzinə və bank hesablarına, döyüş bayrağına, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və özünün adı həkk olunmuş möhürə, ştamplara və blanklara malikdir.
Məktəbin fəaliyyətinin əsas məqsədi Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq və müvafiq elmi sahələr üzrə tədqiqat işləri aparılmasını təşkil etməkdir.
Təlim-tərbiyə işinin mahiyyəti aşağıdakılardan ibarətdir:
Dəyişən heyətə vətənpərvərlik hissləri aşılamaq, onları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına, insan və vətəndaş hüquq və azadlıqlarına hörmət ruhunda tərbiyə etmək;
Dəyişən heyətə dövlətə, xalqa sədaqət, xidməti borcun yerinə yetirilməsinə məsuliyyətlə yanaşma, yüksək intizam və mənəviyyat, mətinlik, fiziki dözümlülük və hərbi peşəkarlıq keyfiyyətlərini aşılamaq;
Dəyişən heyətin hərbi nizam-intizamını, döyüş hazırlığını təmin etmək;
Dəyişən heyətin milli və ümumbəşəri dəyərlərə yiyələnməsini təmin etmək.
Məktəbin vəzifələri aşağıdakılardır:
Azərbaycan Ordusu üçün xüsusi ixtisaslar üzrə ali təhsilli zabit kadrları hazırlamaq, tələbata uyğun olaraq əlavə təhsili həyata keçirmək;
Təhsil proqramlarını və tədris planlarını hazırlamaq;
Dəyişən heyətin attestasiyasını keçirmək;
Təhsil haqqında diplomlar, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;
Tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;
Təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, dəyişən heyətin intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;
Dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;
Ali Məktəbə qəbul qaydaları:
Məktəbə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən həyata keçirilir.
Məktəbə ali təhsilin bakalavriat səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, zabit hərbi rütbəsi olmayan hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul olunurlar.
Məktəbə qəbul biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
Abituriyentlərin Məktəbə qəbul edilməsi Məktəb rəisinin əmri ilə təsdiq olunur.
Hərbi qulluqçuların Məktəbdə əlavə təhsili müdafiə nazirinin müvafiq əmri ilə həyata keçirilir.
Məktəbə qəbul edilən və əvvəllər hərbi and içməmiş təhsilalanlar qanunla müəyyən olunmuş qaydada hərbi and içirlər.
Məktəbə xarici ölkələrin silahlı qüvvələrində xidmət edən hərbi qulluqçuların qəbulu Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir.
Məktəbə qəbul planını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.
Məktəbdə təhsil əyani formada, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunur və Azərbaycan dilində aparılır.
Məktəbdə tədris məşğələlərinə mühazirə, seminar, praktik və laboratoriya məşğələləri, qrup çalışması və qrup məşğələsi, taktiki (xüsusi-taktiki) məşğələ, taktiki (xüsusi-taktiki) təlim, komanda-qərargah təlimləri, hərbi oyun və kurs işi (layihəsi, tapşırığı) daxildir. Tədris məşğələlərinin növləri tədris planı ilə müəyyən olunur.
Məktəbə qəbul olunana qədər qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılmamış və ya çağırılmış, lakin qanunla müəyyən olunmuş müddətli həqiqi hərbi xidmət müddətini tam keçməmiş kursantlar (18 yaşınadək və ya xəstəliyi ilə əlaqədar hərbi xidmətə yararsız hesab olunduğuna görə xaric edilənlər istisna olmaqla)
Məktəbdən xaric edildikdə, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun olaraq müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilirlər.
Məktəbin yenidən təşkili və ləğvini Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
Məktəb ləğv edildikdə, onun əmlakı barədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.