Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 18:18:26
Deputatalar Müəllimlərin XV Qurultayı haqqında: “Orada iştirakçı olmaqdan zövq aldım”  

Noyabrın 28-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib. 

XV qurultayda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Baş nazirin müavini Əli Əhmədov, Milli Məclis sədrinin müavini Bahar Muradova, Təhsil naziri Ceyhun Bayramov, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Möhbalıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, McKinsey şirkətinin Azərbaycan nümayəndəliyinin rəhbəri Kadir Sinan Köksoy, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, media qurumlarının rəhbərləri, təhsil ekspertləri iştirak ediblər. 

Qurultaya ümumi təhsil, orta ixtisas və peşə təhsili müəssisələrindən 1400-ə yaxın, ali təhsil müəssisələrindən isə 200-dən artıq nümayəndə qatılıb. 

AzEdu.az millət vəkilləri,  tanınmış müəllimlərin, eləcə də gənc müəllimlərin qurultayla bağlı fikirlərini  təqdim edir:

Bəxtiyar Əliyev (millət vəkili ):

“Azərbaycan Müəllimlərinin XV Qurultayı yüksək səviyyədə keçdi. Qeyd etdiyimiz nailiyyətlər böyükdür. Təhsil naziri Ceyhun Bayramov məruzəsində Azərbaycan təhsilinin əldə etdiyi uğurlardan geniş danışdı, bu, sevindiricidir. Birincisi, məktəbəqədər hazırlıqla bağlı qısa  müddətdə 75 faiz uşağın təhsilə cəlb edilməsi...

Bu, gələcəkdə uşaqların  təhsilinə böyük dəstək, inqilabi  addımdır.

İkincisi, qısa müddət ərzində orta məktəbi bitirən şagirdlərin mükəmməl göstəricisinin 80 faiz artması təhsildə aparılan uğurlu islahatların nəticəsidir. Bununla da dövlət başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu insan kapitalının formalaşdırılması dövlət siyasətinin həyata keçirilməsinə bariz nümunədir.

Qüdrət Həsənquliyev, (millət vəkili):

“Əlbəttə, bu istiqamətdə çox böyük işlər görülür, müəllimlərin əmək haqqı artırılır. Düşünürəm ki, islahatlar dərinləşdirilməlidir. Görülən işlər hesab edirəm, öz nəticəsini göstərəcək. Yeni təhsil nazirinin fəaliyyətini işlək qiymətləndiri, hökümətin siyasətini də dəstəkləyirəm.  Amma hökuməti islahatları dərinləşdirməyə çağırıram, düşünürəm ki, buna mütləq gedilməlidir. Çünki təhsili inkişaf etdirmədən cəmiyyətimizdəki problemləri həll edə bilməyəcəyik.

Zahid Oruc (millət vəkili)

“Hesab edirəm, 28 noyabr  təqvimin ən uğurlu günləri kimi müəllimlərin həyatında böyük rol oynayacaq. Təkcə müəllimlərin deyil, təhsil adına, bütövlükdə millətin adına özünü nümayiş etdirəcəkdir. Ötən illər ərzində təhsil sahəsində keçirilən yola sərt nəzər edilməsi təhsil naziri hörmətli Ceyhun Bayramovun nitqində son dərəcə əhatəli təhlil olundu. Açıq desəm, bir qurultay iştirakçısı kimi zövq aldım. Çünki obyektiv nitqlər idi, realist idi,  özünün əhatəlilik dərəcəsi baxımından, həm də müqayisəli təhlillər nöqteyi-nəzərindən yerinə düşürdü və gələcəyimizin qurulmasında, təhsilin üzərinə düşən vəzifələr bir millət formalaşdırmaqda, bir millət yaratmaq sənətində təhsilin strateji önəmi bu salonda özünü tapmış oldu. Seçilən xətt doğrudur, elə hesab edirəm ki, bugünkü gündən irəli gələn və buradakı qəbul olunmuş qərarların gələcək dövrdə yerinə yetirilməsi elə səhifələr açacaq ki, biz dönə-dönə bugünki günə qayıtmış olacağıq. 

Fazil Mustafa  (millət vəkili):

“Əvvələ bu hadisəni yüksək qiymətləndirirəm. Çünki müəllimlərin XV Qurultayı və Azərbaycanın müəllim kontingentinin bu zala toplaşması təhsil problemini bilavasitə onun aparıcı qüvvəsi ilə birlikdə müzakirə etmək, olduqca vacib həyati əhəmiyyət daşıyır. Çünki təhsil sahəsində bütün subyektlərin təhsil həyatında marağı var və hamı bunun bilavasitə iştirakçısıdır, hamı əlini daşın altına qoymağa məhkumdur. Ona görə də bugün bu qurultayda təhsil nazirinin çıxışını həm tənqidi, həm də görülən işlərin hesabatı baxımından çox yüksək qiymətləndiririəm. Cənab nazirin bu sahədə, xüsusi ilə də son illərdə görülən işlərin müəyyən statistikasını diqqət mərkəzinə gətirməsi bizə bir şeyi aydınlatdı ki, həqiqətən də son illərdə Azərbaycan təhsili yeniliyi anlayan və tətbiq etməyə hazır olan qüvvələrin liderliyində bu işi görəcək. Bir -birindən çox dəyərli çıxışlar oldu, problemlər haqqında düşünməyə əsas verən, çox səviyyəli bir qurultay oldu. Burada 2-3 faiz müəllim iştirak edir, gələcəkdə hesab edirəm ki, online şəkildə bu qurultaya qoşulub, sual vermək imkanı yaradılması təhsilimiz üçün faydalı olar.

Söylü Xəlilova (müəllim): 

“35 ildir, Qazax rayonunda müəllim kimi çalışıram. Çox sevincliyəm. Burada həmkarlarla birlikdəyəm. Son dövrlərdə təhsilin inkişafına olan diqqət müəllim nüfuzunun yüksəlməsinə də dəstək olur. Bizim sıralarımıza gənc müəllimlər daxil olur. Bütün bunlar bizi sevindirməyə bilməz. Qurultay bizim üçün təhsilimizdə olan yenilikləri, görülən işləri , problemləri, onların həlli yollarını bir daha dərindən görmək imkanı yaratdı.

Nicat Cəfərov (gənc müəllim):

Neftaçala rayonunda çalışıram. Gənc müəllim olaraq XV Qurultayda iştirak edirəm. Təcrübəli müəllimlərlə birlikdə qurultaya qatılmışıq, mənim üçün olduqca bir qürurverici gündür. Gənc müəllim olaraq mən də Azərbaycan təhsili üçün əlimdən gələni edirəm. Ümid edirəm ki, qurultayda müzakirə olunan mövzular təhsilimizin inkişafı üçün bir daha öz töhfəsini verəcək.

Nəzrin Məmmədova (müəllim): 

“Müəllimlərin işə qəbulu imtahanında yüksək bal toplayaraq bu şərəfli ada yiyələnmişəm. Bugünkü qurultay mənim sevdiyim peşəmin daha da məsuliyyətli olduğunu mənə göstərmiş oldu. Burada 50 ildən çox pedaqoji fəaliyyəti olan müəllimlərlə bir zalda əyləşmək məni çox şad etdi. Gənc müəllim olaraq dövlətimiz, millətimiz qarşısında olan məsuliyyətimizdən uğurla gələcəyimizə əminik və buna görə hər zaman çalışmağa hazırıq. 

Zərqələm Hacıyeva (müəllim): 

“52 il ibtidai sinif müəllimi işləmişəm. Yüzlərlə şagirdim olub. İbtidai təhsil təhsilin bünövrəsidir, ona görə bu peşəni seçənlər daha məsuliyyətli olmalıdır.8 ildir təqaüdə çıxmışam.  Mənim bu yorğun vaxtımda dövlətimiz məni Əməkdar müəllim adı ilə mükafatlandırdı. Qurultayı böyük zövqlə izlədim. Bizim yerimiz artıq gənclər tutur və onlar bu qurultaydan yaxşı nəticələr çıxaracaqlar”.