Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-11-29 21:16:00
Akif Əlizadə universitetdə mühazirə oxudu

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetində “Müasir Azərbaycan elmi” mövzusunda mühazirə oxuyub. Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğundan AzEdu.az-a verilən məlumata görə, Rusiyanın şimal paytaxtında Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunun 200 illik yubileyinə həsr olunmuş “Rusiya və Şərq. Rusiya akademik şərqşünaslığının 200 illiyi” beynəlxalq forumu keçirilib. İnstitut 1818-ci ildə İmperator Elmlər Akademiyasının Asiya Muzeyi adı altında fəaliyyətə başlayıb və Rusiya və Avrasiya məkanında bütün əsas şərqşünaslıq mərkəzlərinin əsasını qoyub.

 

Forumda Azərbaycan nümayəndə heyətinə AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik edib. Tədbirdə, həmçinin ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov iştirak edib.

 

Forumun işində 20 Asiya və Avropa ölkəsindən 300-dən çox alim, milli elmlər akademiyalarının, Rusiya və xarici ölkələrin aparıcı elm mərkəzlərinin təmsilçiləri iştirak ediblər.

 

AMEA-nın prezidenti Sankt-Peterburqa səfəri çərçivəsində Sankt-Peterburq Həmkarlar İttifaqları Humanitar Universitetinin rektoru, professor Aleksandr Zapesotski ilə görüşüb. Görüşdə ölkəmizin Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov da iştirak edib.

 

Universitetin tələbələri və professor-müəllim heyəti qarşısında “Müasir Azərbaycan elmi” mövzusunda mühazirə ilə çıxış edən A.Əlizadə Azərbaycan dövlətinin elmin və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edib.