Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-12-06 12:30:00
“Dərsdən “2”alanda vecimə olmadı, onu düzəldib “5” etdik” – IX sinif şagirdi ilə “Atüstü söhbət”  

Nicat Bəndəliyev: “Barmaqla sayıla biləcək qədər müəllim şagirdlə düzgün rəftar edir” 

“Bəzən müəllim öz  fənnini digər fənlərdən üstün tutub, deyir ki, mənim fənnimi daha yaxşı bilməlisiz, o birilər çox da  önəmli deyil. Amma başa düşmür ki, keçdiyi fənn  xoşuma gəlmir”

AzEdu.az respublikanın müxtəlif bölgələrindəki şagirdləri birləşdirən “Atüstü söhbət” rubrikasını davam etdirir.

Budəfəki “Atüstü söhbət”imiz  isə Laçın rayon Taxtakörpü qəsəbə məcburi köçkün məktəbinin IX sinif şagirdi Nicat Bəndəliyevlə olacaq. Dünyada yaxşı insanların çox olduğunu düşünən Nicatın timsalında hər kəs saf yeniyetməlik illərinə qayıdacaq...

AzEdu.az onunla “Atüstü söhbət”i təqdim edir:

-Nicat, bəlkə də bu sualdan yorulmusan. Amma əvvəlcə səndən dərslərini maraqlanmaq istərdim. Hansısa çətinliyin yoxdur ki?

-Baxır, hansı fəndən. Düzü, seçdiyim fənn blokunda olmayan  dərslərdə çətinlik çəkirəm. Seçdiyim fənn blokunda olmasa da, Fizikanı oxumağa çalışıram. Amma Kimyadan çətinlik çəkirəm. Bu fənlər əksər şagirdlərə çətin gəlir. Amma məncə, çalışsaq, bunlar elə də çətin olmaz.

-Çoxları düşünür ki, şagirdin fənni sevməsi müəllimdən asılıdır. Bəs, sən  özün necə müəllimləri sevirsən?

-Mən fərqli müəllimləri sevirəm. Fikrimcə, müəllim daim  yenilik etməlidir. Şagirdlə ünsiyyət qurmağı bacarmalı, heç vaxt ona yalan danışmamalıdır.

-Yəni, deyirsən ki, müəllimlər də yalan danışır?

-Bəli, olanda olur. Şagirdin diqqətini başqa istiqamətə cəmləmək üçün doğru olmayan fikirlər deyirlər. Məncə, belə olmamalıdır. Yaxşı müəllim öncə şagirdlə səmimi olmalı, hər şeyin düzünü deməlidir.

“Müəllimlərin sözümün üstündə durmadığımı iddia etməsi xoşuma gəlmir”

-Özün  müəllim olsan, nələr edərdin?

-Müəllim olsaydım, az maraq göstərdiyi fənlərə şagirdlərin marağını artırmağa çalışardım. Çalışardım ki, bütün fənləri eyni səviyyədə oxusunlar.

-Müəllimlərdən tez-tez eşitdiyin, amma heç sevmədiyin ifadələr hansılardır?

-Bəzən müəllim öz fənnini digər fənlərdən üstün tutub, deyir ki, mənim fənnimi daha yaxşı bilməlisiz, o biri fənlər önəmli deyil. Başa düşmür ki, bu fənn mənim xoşuma gəlmir.

Müəllim şagirdə qarşı etik olmayan sözlər işlətməməlidir. Düzdür, şəxsən mənə qarşı belə ifadələri çox işlətmirlər. Amma bəzən sevmədiyim şeylər olur.

Məsələn, bəzən nəyəsə söz verirəm. Amma məndən asılı olmayan səbəblərdən əməl edə bilirəm. Müəllim isə deyir ki, “verdiyin sözü tutmadın”. Bu sözü heç sevmirəm.  Çünki mən söz vermişəmsə, onu yerinə yetirəcəyəm. Deməli ortada nəsə problem olub ki, edə bilməmişəm. Müəllimlərin sözümün üstündə durmadığımı iddia etməsi xoşuma gəlmir.

Hətta bir müəllim deyirdi ki, sən verdiyin sözü tutmamısan. Halbuki, mən verdiyim sözə əməl etmək üçün çox çalışmışdım. Müəllim elə bilirdi ki, mən ona verdiyim sözü ciddiyə almamışam. Bu, mənə çox pis təsir etmişdi. Çünki indiyəcən tuta bilməyəcəyim sözlər verməmişəm.

-Nicat,“2” alanda nə hisslər keçirirsən?

-Sonuncu  dəfə Musiqidən  “2” almışam. Heç vecimə də olmadı.  20 dəqiqə sonra həmin “2” jurnalda düzəlib “5” oldu.

-Adətən, sənin kimi səmimi insanların dostları çox olur. Bəs, dostluq sənin üçün nədir?

-İki cür dostluq var: şagirdlə şagirdin, müəllim və şagirdin dostluğu.  Müəllimlə şagirdin dostluğu o vaxt olar ki, müəllim səmimi olsun, fənnini sevdirsin. Məsələn, əvvəl düşünürdüm ki, ingilis dili çətindir. Amma müəllimim artıq bu fənni mənə sevdirməyə başlayıb. Bu, müəllimlə şagirdin qurduğu dostluğun nəticəsidir. Şagirdlərin dostluğu isə çətinlik çəkdikləri mövzularda bir-birilərinə kömək etmələridir. Dostlar heç vaxt yalan danışmamalı, yaxşı gündə də, pis gündə də bir-birilərinə dəstək olmalıdırlar.

-Səncə, özün yaxşı dostsan?

-Mən özüm haqda hansısa fikir deməyi xoşlamıram. Onu mənim dostlarımdan soruşmaq lazımdır. Amma məncə, dostluq üçün lazım olan hər şeyi yerinə yetirməyə çalışıram.

-Nicat, dərsə gəlməyəndə, gecikəndə hansı bəhanələri edirsən?

-Bəhanə etməyi xoşlamıram.

-Heç etməmisən?

-Düzü, etmişəm. Amma məcbur olanda. Bəhanəm dərsim çox olanda olur. Bu isə bəhanə sayılmaz, həqiqətən doğrudur.

Bəzənsə,  dərs boş olur. O dərsə girmək istəmirəm. Xəstə olduğumu bəhanə edib evə gedirəm.

“Ətrafda yaxşı insanların çox olduğunu düşünürəm”

-Sonuncu dəfə müəlliminə nə ilə bağlı yalan danışmısan?

-Bir dəfə müəllim dərsə gecikmişdi. Növbətçi müəllimə dedim ki, dərsimiz boşdur.

Bir dəfə də direktorumuz müəllim sinifdə olmayanda sinfə gəldi. Dedim ki, müəllim hamımıza gedib Fiziki tərbiyə zalında futbol oynamağı tapşırıb. Halbuki, müəllim 5 dəqiqəlik telefonla danışıb gələcəyini demişdi.

-Nicat, sənin ətrafında yaxşı insan çoxdur, yoxsa, pis?

-Ətrafımda həm yaxşı, həm də pis insanlar var. Yaxşı insanlarla ünsiyyətdə olmağa üstünlük verirəm. Məcburiyyət qarşısında qalıb pis insanlarla da ünsiyyət saxlayıram. Amma mən bunu öz istəyimlə etmirəm, sadəcə, etika xətrinə... Amma ətrafda yaxşı insanların çox olduğunu düşünürəm.

-Səncə, bir insanın yaxşı ya pis olduğunu necə müəyyənləşdirmək olar? Axı, bəzən kiminsə yaxşı və ya pis olduğunu bilmək, bizim illərimizi ala bilər...

-Bunun üçün o insana bir sirrini verməlisən. Həmin insan bu sirri heç kimə verməsə, sınağından keçmiş olacaq. Bir də, sözlərinlə onu yalan danışmağa vadar etməlisən. Əgər o sənə yalan danışmayıb, düzünü desə, deməli əsl dostdur. Nəyəsə görə yalan danışırsa, deməli yaxşı insan deyil.

-Səncə, uşaqlar müəllimlərdən niyə qorxur?

-Şagird müəllimdən qorxmamalı, ona hörmət etməlidir. Əgər şagird qorxursa, deməli ya onun özündə, ya da müəllimində problem var. Şagird yalnız fiziki cəza verən müəllimdən qorxa bilər. Bu isə düzgün deyil.

“İnsanın şəxsi həyatında sevgi olmaya bilər, amma vətən sevgisi mütləq hamıda olmalıdır”

-Bəs, müəllim şagirdi necə cəzalandırsın?

O, şagirdi özündən uzaqlaşdırmaqla cəzalandırmalıdır. Müəllim şagirdini çox sevir, onunla səmimi ünsiyyəti varsa, uşaqla arasına məsafə qoyub, bir neçə həftə danışdırmamaqla onu cəzalandıra bilər. Onunla əvvəl etdiyi səmimi söhbətləri daha etməməlidir. Müasir dövrdə bundan başqa cəza düşünülə bilməz. Fiziki cəza qəbuledilməzdir. Şagird də öz səhvini başa düşməlidir.

-Səncə, sevgi nədir?

-İki cür sevgi var: Birincisi insanların şəxsi həyatında olur. Digəri isə müəllim və şagird arasında. Müəllim və şagird bir-birinə hörmət edirsə, sevgi yaranır. Hə, bir də vətən sevgisi var. İnsanın şəxsi həyatında sevgi olmaya bilər, amma vətən sevgisi mütləq hamıda olmalıdır.

-Necə məktəbdə oxumaq istərdin?

-Məkətbin laboratoriyası olmalıdır. Uşaqlar sərgilərə, idman yarışlarına aparmalıdırlar. Bu məktəbdə çox şey var. Amma çatışmayan cəhətlər də var. Şagird-müəllim münasibətləri düzgün deyil. Barmaqla sayıla biləcək qədər müəllim şagirdlə düzgün rəftar edir.

Məktəbdə dinləmə materialları üçün şərait yoxdur. Bunu müəllimlər yalnız öz maddi imkanları ilə etməyə çalışırlar. Martda imtahan verəcəyik. Bugünəcən məktəbimizdə dinləmə keçirilməyib. İllərdir dinləmə məşqi etməyən şagirdin 1 il ərzində bunu bacarması üçün daha böyük imkanlar yaradılmalıdır. İngilis dili kitablarında da disk yoxdur. Dinləmə çalışması verilir, amma onun səsi diskdə yerləşdirilmir.

“Sənin arzun haradadırsa, vətənin də oradadır”

-Nicat, özünü 20 il sonra harada, necə təsəvvür edirsən?

-Mən 20 il sonra hazırlaşdığım ixtisas üzrə çalışmağı düşünmürəm. Burda bakalavr təhsilimi bitirib, Amerikada magistr təhsili aldıqdan sonra kompüter mühəndisi olmaq istəyirəm. Eynilə dayım kimi. O da bakalavrı burada, magistraturanı isə Amerikada oxuyub. Onun yanına gedib Amerikada kompüter mühəndisi kimi çalışmaq istəyirəm.

- 20 il sonra səsini Amerikada eşitmək bizi çox sevindirər...

-20 ildən tez də ola bilər.

-Bu qədər müddət ərzində vətəndən uzaq qalmaq sənə çətin olmaz ki?

-Vətəndən uzaq da, yaxın da ola bilərsən. Arzuların haradadırsa, ora getməlisən. Sənin arzun haradadırsa, vətənin də oradır.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları