
Bir müddət əvvəl Goranboy rayon Qızılhacılı qəsəbə 1 saylı orta məktəbin pedaqoji kollektivi AzEdu.az-a məktəbin qəzalı vəziyyəti, nizam-intizam qaydalarının pis olması ilə bağlı məlumat versələr də, direktor Qabil Həsənov isə faktı təkzib etmişdi.
AzEdu.az deyilənə görə hazırda qəzalı vəziyyətdə olan, gigiyenik qaydalara riayət olunmadığı üçün bit-birələrlə mübarizə aparan məktəbin tarixi ilə bağlı maraqlı faktları təqdim edir:
Bir nömrəli məktəb uzun illər Hacı Həvil ağanın evində fəaliyyət göstərib. Sonradan evin ətrafında əlavə otaqlar tikilib.
1982-ci ildə Ümummilli Lider Heydər Əliyev birinci katib kimi Goranboy rayonu Qızılhacılı qəsəbəsinə gəlib. Görüş zamanı rayonun ağsaqqalı Əli Hüseynov bir nömrəli məktəb üçün yeni binanın tikilməsini xahiş edib.
Heydər Əliyev isə dərhal məktəbin tikintisinə göstəriş verib. O dövrdə cəmi iki ilə 3 mərtəbəli məktəb binası tikilib və istifadəyə verilib. Beləliklə, 1 nömrəli Qızılhacılı məktəbi bəy evindən yeni binaya köçürülüb...
O vaxtlar bəlkə də Bakıda heç elə məktəb yox idi. 34 il öncə tikilən məktəb hazırda qəzalı vəziyyətdədir.
Qeyd edək ki, AzEdu.az-a açıqlaması zamanı məktəbin direktoru Qabil Həsənov da məktəbin köhnə binada yerləşdiyinə görə əsaslı təmirə ehtiyac olduğunu bildirmişdi. Direktor hhəm də qeyd edib ki, təmirlə bağlı isə aidiyyatı orqanlara müraciət olunub və məktəbin təmiri gözlənilir.