
"Məktəblinin kitabı" layihəsi çərçivəsində mükafatlandırma mərasimi 15 dekabr saat 12:00 tarixində Azərbaycan Dövlət İqtisad Universitetinin konfrans zalında baş tutacaq. Layihəyə qoşulan şagirdlər valideynləri ilə birlikdə tədbirdə iştirak edə biləcəklər.
Qadın və Uşaq Akademiyası İctimai Birliyi (QUA) məktəblilərdə ədəbiyyata, mütaliəyə maraq yaratmaq üçün AzEdu.az Azərbaycan Təhsil Portalı ilə birlikdə həyata keçirdiyi "Məktəblinin kitabı" layihəsinin birinci və ikinci mərhələsi başa çatıb.
Layihənin birinci mərhələsində paytaxt və bölgələrdən olan məktəblilərin fotosu və oxuyub bəyəndikləri bədii əsərlərin siyahısı QUA və AzEdu.az-ın Feysbuk və İnstaqram səhifələrində paylaşılaraq ictimaiyyətə təqdim edilib.
İkinci mərhələdə isə QUA və AzEdu.az komandası tərəfindən həmin ədəbiyyat siyahıları arasından ən yaxşı 10 siyahı seçilib. Qalibləri isə layihə çərçivəsində keçiriləcək tədbir zamanı ictimai xadim, ədəbiyyat və təhsil adamları ibarət olan münsiflər heyəti onların oxuduqları əsərlər haqqında fikirləri dinləyərək seçəcək.
Seçilən üç qalib xüsusi hədiyyə və təltifnamə ilə, layihəyə qoşulan digər bütün məktəblilər isə kitab və sertifikatla mükafatlandırılacaqlar. Ən bəyənilən fikir sahibi olan məktəblinin isə mətbuata müsahibəsi yayımlanacaq və uşaqlara təlimi təşkil olunacaq.
Bütün bu proseslər zamanı QUA və AzEdu.az-ın çəkiliş komandası müzakirə, təltifetmə mərasimi, həmçinin, ayrı-ayrı müsahibələri video formatında hazırlayaraq yayımlayacaq.
Qeyd edək ki, layihənin məqsədi həm də uşaqların kiçik yaşdan sosiallaşmasına, ictimai həyat və məsuliyyəti dərk etməsinə şərait, sağlam rəqabət yaratmaqdır.