
Dövlət qulluğunda işəqəbul imtahanları iki hissədən - test və müsahibə mərhələsindən ibarətdir.
İşəqəbulun imtahanla həyata keçirilməsinə baxmayaraq, müsabiqəyə çıxarılan vakansiyalarla bağlı narazılıqlar hələ də davam edir.
Namizədlər iddia edir ki, nazirliklər, komitələr, agentliklər və onların regional bölmələrində dövlət qulluğu üzrə müsahibədən keçməyib, müqavilə ilə işləyən kifayət qədər işçi var. Şikayətdə eyni zamanda, qeyd olunur ki, elan olunan vakansiyalar yalnız bir neçə vəzifə üzrədir və Dövlət İmtahan Mərkəzi tərəfindən bir çox vəzifə ümumiyyətlə, müsahibə elanına çıxarılmır.
Vəziyyət isə iddia olunandan bir az fərqlidir.
Dövlət İmtahan Mərkəzi vakant yerləri müsahibə elanına çıxarmır, yoxsa, dövlət qurumları bütün vakansiyaları DİM-ə təqdim etməkdə maraqlı deyil?
Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev eyni zamanda, Dövlət İmtahan Mərkəzində dövlət qulluğu üzrə imtahanların müsahibə mərhələlərində iştirak edir.
O, AzEdu.az-a açıqlamasında qeyd edib ki, DİM dövlət qulluğunda müsahibənin bütün mərhələlərini şəffaflıqla həyata keçirir:
“İkinci mərhələdə şəffaflığı təmin etmək üçün müsahibəni müxtəlif qurumlardan, DİM-dən, iddiaçının iddia etdiyi dövlət qurumundan, həm də müstəqil ekspertlərdən ibarət komissiya təşkil edir.
Bütün müsabiqə iddiaçının razılığı ilə videolentə alınır. Gələcəkdə Apelyasiya Komissiyasına ehtiyac yaranarsa, videoya baxmaqla obyektivliyi qorumaq mümkündür. Bu baxımdan, DİM-də dövlət qulluğuna qəbul tam şəffaf şəkildə həyata keçirilir”.
“Qanunvericilik tələb edir ki, vakansiyalarla bağlı məlumatlar tam olaraq DİM-ə çatdırılsın”
Hüquqşünas deyib ki, bəzi hallarda dövlət qurumları tərəfindən vakansiyaların gizlədilməsi və ya gecikdirilməsi halları baş verir və bu, əvvəllər daha çox müşahidə olunurdu:
“Son illərdə DİM-ə ayrı-ayrı dövlət qurumlarından vakansiya ilə bağlı məlumatlar daxil olur. Vakansiya olan zaman dövlət qurumu onları dərhal müvafiq Elektron Məlumat Mərkəzinə ötürməlidir. Dövlət Qulluğu Şurası tərəfindən də müvafiq dövlət qurumlarına bu istiqamətdə göstərişlər verilib. Qanunvericilik tələb edir ki, vakansiyalarla bağlı məlumatlar tam olaraq DİM-ə çatdırılsın. DİM-də həmin vakansiyaları müsabiqəyə çıxarır. Bəzi qurumlarda müəyyən gecikmələr baş verir. Bütün hallarda son illərdə vakansiyalar tam həcmdə DİM-ə göndərilir. Lakin bəzi ləngimələr ola bilər.
Vakansiyalarla bağlı məlumatın verilməməsinə görə dövlət qurumunun rəhbəri məsuliyyət daşıyır. Rəhbər həm intizam, həm inzibati məsuliyyətə cəlb edilə bilər”
“Hər hansı vakant yer qəsdən gizlədilərsə, bu yer haqda tam məlumat verilməzsə, həmin qurum məsuliyyətə cəlb olunacaqdır”
Əliməmməd Nuriyev müqavilə ilə işləyən dövlət qulluqçuları barədə iddia olunan məsələyə də toxunub:
“Əvvəlki illərdə işçilər daha çox müqavilə əsasında işə götürülürdü. Hazırda da bəzi hallarda ayrı-ayrı şəxsləri qısa müddətdə müqavilə əsasında işə götürə bilərlər. Lakin buna baxmayaraq yenə də həmin yer haqqında məlumat DİM-ə təqdim etməlidir. İşin sürətli həyata keçirilməsiylə bağlı dövlət qurumları bəzən belə variantı seçirlər. Müsahibə mərhələsində iştirak edəndə bir çox hallarda görürəm ki, testdən keçmiş şəxs elə əvvəllər dövlət qulluğunda müqaviləylə işləyib. Müqavilə olmasına baxmayaraq, bu yerlər də müsabiqəyə çıxarılır.Əks halda həmin şəxslərin gəlib imtahanda iştirakına şahid olmazdıq”.
Məsələylə bağlı Dövlət İmtahan Mərkəzinin rəsmi mövqeyi də birmənalıdır. Qurum müsahibə elanına çıxarılan vəzifələri DİM-in təkbaşına müəyyən etmədiyini bəyan edir.
Dövlət orqanları özləri daxilində olan vakant vəzifələr barədə məlumatı DİM-ə təqdim edir və DİM də həmin məlumatlar əsasında müsahibə elanını tərtib edir.
Digər məsələyə gəlincə, dövlət orqanları bəzi hallarda daxildə olan vakant vəzifələri gizlədirlər. Amma dövlət qulluqçularının reyestri sistemi vasitəsilə DİM həmin vakant vəzifələri müəyyənləşdirir və dövlət orqanlarından həmin vəzifələri müsahibəyə çıxarmalarını müəyyən vasitələrlə tələb edir.
DİM bir daha xatırladır ki, müsahibə elanının tərkibi dövlət orqanlarının təqdim etdikləri vəzifələr əsasında tərtib edilir.