
“Ehtiyatda olan şəxslərin dövlət qulluğuna qəbul prosesinə nəzarət gücləndirilməlidir. Əks halda, onlar müəyyən müddətdən sonra yenidən imtahan verməlidirlər. Bu da onlarçün çətinlik yaradır”
Bu sözləri AzEdu.az-a açıqlaması zamanı Konstitusiya Araşdırmalar Fondunun sədri, hüquqşünas Əliməmməd Nuriyev deyib. Onun sözlərinə görə, müsabiqədən keçən bəzi şəxslər uzun müddət dövlət qulluğunda ehtiyata götürülürlər:
“Bir vəzifəyə onlarla iddiaçı var. Belə olan halda, dövlət orqanı tələb olunan sayda şəxsi vəzifəyə təyin edir. Qalan iddiaçılar isə ehtiyata götürülür. Ehtiyatda olan şəxslərin dövlət qulluğuna qəbul prosesinə nəzarət gücləndirilməlidir. Əks halda, bir müddətdən sonra yenidən imtahan verməlidirlər ki, bu da onlara müəyyən çətinlik yaradır”.
Hüquqşünas qeyd edib ki, ehtiyatda olanların nəzarəti daha da gücləndiriləcək:
“Gələcəkdə elə hallar baş verməyəcək ki, şəxs uzun müddət ehtiyatda qalsın. Namizəd ehtiyatda yalnız o halda qala bilər ki, iddia etdiyi vəzifə vakansiya olmasın. İddiaçı vakant yerlərin təqdim olunmamasıyla bağlı narazıdırsa, Prezident Admistrasiyasına və ya DİM-ə müraciətedə bilər”
Xatırladaq ki, dövlət qulluğuna qəbul test və müsahibə mərhələsindən ibarətdir. Test imtahanı online (kompüter vasitəsilə), həm də yazılı formada həyata keçirilir.
Test imtahanında namizədlər Azərbaycan dili, qanunvericilik, məntiqi təfəkkür və informasiya texnologiyalarından imtahan verməlidirlər.