
Azərbaycan Universitetinin tələbələri tərəfindən ali təhsil müəssisəsinin rəhbərliyi və professor-müəllim heyəti üçün Yeni ilə həsr edilən “Dünya ölkələrində Yeni il” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Universitetdən AzEdu.az-a bildiriblər ki, tələbələr tədbirə xarici dillər kafedrasının müəllimlərinin rəhbərliyi altında hazırlaşıblar. Kompozisiyanın ssenari müəllifi kafedranın müdiri Samirə Məmmədovadır.
Kompozisiya xarici dillər kafedrasının müəllimləri tərəfindən tədris olunan alman, ingilis, Çin, ərəb və Azərbaycan dillərində hazırlanıb. Tələbələr dünyanın müxtəlif xalqlarının Yeni ili qarşılama adətlərini əks etdirən maraqlı səhnəciklər və musiqi nömrələri təqdim ediblər. Qeyd olunub ki, hər bir xalq fərqli adət-ənənələrlə hazırlaşsa da, hər kəs Yeni ilə yeni ümidlər, yeni arzular, yeni uğurlar və ən əsası da xoşbəxtlik arzusu ilə qədəm qoyur.
Tədbiri universitetin rektoru Səadət Əliyeva da izləyib. Rektor tələbələri 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Kompozisiyada humanitar fənlər, biznes və iqtisadiyyat fakültələrinin tələbələri iştirak ediblər.