
Orta məktəblərdə şagirdlərə daha çox klassik biologiya tədris olunur. Bu, təəssüf ki dünya təcrübəsi ilə müqayisə olunmayacaq qədər azdır. Onlara bu fənnin müasir üsul və texnologiyalar ilə keçirilməsinə ehtiyac var. Ümumiyyətlə, orta məktəblərin biologiya dərslikləri mütəxəssisləri qane edirmi? Onlar bu sahənin tədrisi və tədqiqi ilə bağlı nələri məsləhət bilirlər?
Mövzu ilə bağlı AzEDU.az saytına danışan AMEA-nın Molelekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun direktoru, akademik İradə Hüseynova biologiya dərsliklərində Sovet dövrü ilə müqayisədə xeyli elmi çatışmazlıqlar olduğunu bildirib:
“Təhsil nazirinin səlahiyyətlərini icra edən 11-ci sinif biologiya dərsliyi ilə bağlı bizə müraciət etmişdi. Biz də analiz edib öz fikirlərimizi dedik. Hesab edirəm ki, dərsliklərə diqqətlə baxılmalıdır. Onlar o qədər də yararlı vəziyyətdə deyillər. Kitablarda kifayət qədər elmi çatışmazlıqlar var. Sovet dövründə oxuduğumuz dərsliklər bizə ciddi elmi məlumat verirdi. Bu gün isə onlarda xeyli çastışmazlıqlar var. Mütəxəssislərimiz ekspert kimi dərsliklərin təftişində iştirak edirlər. Öz fikirlərimizi birbaşa Təhsil Nazirliyinə göndərmişik. Yəqin ki, yaxın vaxtlarda onlarla görüşümüz olacaq”.
Molelekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun bu istiqamətdə gördüyü işlərdən danışan akademik gələcəkdə Nobel mükafatı ala biləcək alimimizdən söz açıb :
“Bu gün maddi-texniki bazanın zənginləşməsinə diqqət çoxdur. Elmə böyük maliyyələr sərf olunmazsa, onu yüksək standartlara cavab verəcək səviyyədə inkişaf etdirmək çətin olar. İndi dünyanın aparıcı elmi sahələri ilə ayaqlaşmaq üçün müəyyən addımlar atılır. Bir sıra uğurlarımız var.
Hazırda beş beynəlxalq laboratoriyamız fəaliyyət göstərir. Elmi rəhbərlər dünyanın aparıcı ölkələrində çalışan alimlərdir. Kadr-doktorant və magistr hazırlığı həyata keçirilir. Akademiyada 2015-ci ildən magistratura fəaliyyət göstərir. Biz həmin alimləri institumuzda kurslar keçmək üçün dəvət edirik.
Ölkədə elm inkaşaf etmədən başqa inkişafdan danışmaq çətindir. Alimlərimiz dünyanın aparıcı elm adamları sırasında öz sözünü deyə bilir. Bu, böyük uğurdur. Elə vaxtilə bizim öz şöbəmizdə yetişdirilən alimlər bu gün aparıcı ölkələrdə yüksək səviyyədə təmsil olunurlar. 2012-ci ildə belə beynəlxalq laboratoriya yaradılıb. Məsələn, professor Qərib Mürşüdov laboratoriya müdiridir. Kembric Universitetində çalışan yeganə azərbaycanlı alimdir. Dünyanın 50%-i molekulyar biologiya sahəsində 50%-i onun proqramlarından istifadə edir. Bu, həddindən artıq böyük göstəricidir. Onun çalışdığı institut molekulyar biologiya sahəsində bir nömrə hesab olunur. O, burada 14 nobel mükafatçısı ilə birgə çalışır. Düşünürük ki, Q. Mürşüdov Nobel mükafatçılarından biri ola bilər. Bu, gələcəkdə reallaşa biləcək ehtimaldır. Digər alimlər haqda da bu sözləri deyə bilərik”.
Akademik bu sahənin tədqiqatı zamanı üzləşdikləri əsas çətinlikləri açıqlayıb:
“Müəyyən uğurlarımız olsa da, çətinliklər də yox deyil. Əsas problem reaktivlərlə bağlıdır. Hazırda xüsusilə molekulyar tədqiqatlar sahəsində reaktivlərin əksəriyyəti xaricdən əldə olunur və kifayət qədər bahadır. Onları başqa ölkələrdən bura gətirəndə 100 avroluq reaktiv 200 avroya başa gəlir. Bu, çox çətinlik yaradır. Müəyyən avadanlıqların əldə olunması da çətindir. Dünyada elmin aparıcı sahələri çox sürətli inkişafla gedir. Hətta bu surəti izləmək belə çətin olur. Bu gün deyilən söz sabah başqa formada təqdim olunur. Düşünürəm ki, bu sahədə böyük xarici kompaniyaların filiallarının yaradılması, onlarla özümüzün əlaqə saxlamamız və elmi tədqiqatların gömrük rüsumundan azad edilməsi bu sürətə çatmamıza kömək edər. Müəyyən problemlər var, amma ümumilikdə ölkəmizdə bu istiqamətdə inkişaf gedir. Dövlət başçısı elmə diqqət ayırır”.