Oktyabrın 3-də Azərbaycan Respublikasının Milli Məclisində Gənclər və İdman Komitəsi, Azedu.az təhsil portalı və “Gənc müəllim” şəbəkəsinin birgə təşkilatçılığı ilə orta ümumtəhsil müəssisələrinin müəllimləri arasında keçirilən “İlin gənc müəllimi” 2019 müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib.
Müəllimlər öncə Milli Məclisin böyük plenar zalı ilə tanış olublar. Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev müəllimlərə parlamentin tarixi və iş prosesi haqqında məlumat verib.
Gənc müəllimlər və görüş iştirakçıları daha sonra mükafatlandırma mərasimi üçün komitə iclaslarının keçirildiyi kiçik zala yollanıblar.
Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Ülvi Quliyev tədbiri giriş nitqi ilə açıq elan edib. O, keçən il də Cümhuriyyətin 100 illiyi iliyi münasibəti ilə belə müsabiqənin keçirildiyini qeyd edib:
“Bu il Cənab Prezidentin sərəncamı ilə “Nəsimi ili” elan edilib. Bizim komitənin işlər planında payız sessiyasında İlham Əliyevin həyata keçirdiyi gənclər siyasəti ilə bağlı müəyyən uğurlu layihələr, tədbirlər müzakirə edilib. Əsas məqsəd, ön xətt ondan ibarətdir ki, elm, təhsil, mədəniyyət, idman və s. bütün sahələrdə istedadlı, bacarıqlı, qabiliyyətli insanları aşkar etmək, onların cəmiyyətə, dövlətimizə verdiyi qayğını yüksək qiymətləndirmək, dəyər vermək, onları həvəsləndirmək, mükafatlandırmaq və ən vacibi dövlət qayğısını, dövlətin yaratdığı şəraiti, təminatı bir daha göstərməkdir. “Dövlət gənclər siyasəti haqqında” Qanun-a texniki və çox ciddi fundamental dəyişiklər edildi. Dəyişiklərin fəlsəfəsi ondan ibarətdir ki, “Gənclər haqqında” Qanun qəbul etdikdə dövlət bütün vəzifə və öhdəlikləri götürür ki, bütün gənclər üçün şərait yaratsın, dövlət təminatı verilsin, dövlətin qayğısını hər kəs hiss edə bilsin. Məhz qanunun əsas vəzifəsi bundan ibarətdir.
Artıq qanun qüvvəyə minib. Qeyd edim ki, “Dövlət gənclər siyasəti haqqında” Qanunun səmərəli həyata keçirilməsi üçün proqramlar qəbul olunub. Həmin proqramların da təhsillə möhkəm əlaqəsi var”.
Ü. Quliyev onu da bildirib ki, hər zaman təhsilin inkişafına xüsusi əhəmiyyət verilir və Müxtəlif qanunvericilik sənədinə uyğun olaraq bu sahədə milli fəaliyyət planı, müəyyən tədbirlər həyata keçirilir:
“Təhsil haqqında” Qanun və ilk dəfə olaraq “Peşə Təhsili haqqında” Qanun qəbul olunub. Bu yaxınlarda “Təhsil haqqında” Qanunda ciddi fundamental dəyişiklər edildi. Qanuna bütün təhsil müəssisələrində psixoloji yardım təşkil olunması, növbədənkənar qəbul, təhsilverənlərin sertifikasiya, lisenziya alması əlavə edilib. Digər islahatlarda müəllimlərin işə qəbulu ilə bağlı şəffaf prosedurlar həyata keçirilib. Bunlar aparılan islahatlardır, görülən işlərdir. Biz bunları təqdir edirik, yüksək qiymətləndiririk və düşünürük ki, bu bizim hər birimiz üçün çox vacibdir. Cənab Prezident hər dəfə çıxışında təhsilin inkişafı ilə bağlı bütün məsələləri ön plana çəkir. Çünki hər şey təhsildən keçir”.
Çıxış edən Parlament Jurnalistlər Birliyinin sədri, Azedu.az təhsil portalının direktoru Elşad Eyvazlı müsabiqənin nəticələri ilə yanaşı, təhsil sahəsində görülən işlər və nailiyyətlərdən söz açaraq gənc müəllimlərə yeni tədris ilində uğurlar arzulayıb.
Təhsil nazirinin müşaviri Elnur Məmmədov isə çıxışında gənclərin son illərdə könüllü şəkildə müəllimlik peşəsinə axın etdiyini və bunun təhsilimizə modern ruh və ovqatın gətirdiyini xüsusi qeyd edib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov paytaxtda fəaliyyət göstərən gənc müəllimlərlə ucqarlardakı həmkarları arasında qarşılıqlı fikir mübadiləsi, ortaq pedaqoji iş və layihələrin təhsilə verə biləcəyi töhfələrə toxunub.
Gənclər və İdman Komitəsinin sədr müavini Şahin İsmayılov çıxışında ölkəmizin güclənməsində müəllimlərin əhəmiyyətli rolunu vurğulayıb. O qeyd edib ki, məktəblərimizdə müstəqillik dövründə anadan olub, böyüyən və indi müəllim kimi fəaliyyət göstərən gənclərimiz var. Onlar müstəqil vətəndaşlar yetişdirir. Bu, tarixi missiyadır. Müəllimlik ən böyük fədakarlıqdır. Azərbaycan müəllimləri öz missiyalarını layiqli şəkildə yerinə yetirirlər.
O həmçinin bildirib ki, təhsil elə bir sahədir ki, burda aparılan islahatlardan tez bir zamanda nəticə gözləmək olmur:
“Biz ibtidai siniflərdə tətbiq etdiyimiz islahatların nəticələrini, həmin şagirdlər qəbul imtahanlarında iştirak edərkən və yaxud beynəlxalq təmayülü məktəblərin göstəriciləri ilə müəyyənləşdiririk.
Ən yaxşı tərəfi odur ki, bu islahatlar əmin addımlarla həyata keçirilir”.
Gənclər və idman komitəsinin üzvü Cavid Osmanov çıxışında təhsilin son illərdə inkişafı, Azərbaycan prezidentinin bu sahələrdə sərəncamlarını qeyd edib.
C.Osmanov bildirib ki, hər bir millətin fərdinin vətəndaş kimi yetişdirilməsində müəllimlərin üzərinə mühüm vəzifə düşür.
Gənclər və idman komitəsinin üzvü son illərdə müəllimlik peşəsinə marağın artdığını da vurğulayıb. O bildirib ki, ildən-ilə abituriyent və işəqəbul imtahanlarında bu sahədə keçid balları yüksək olur.
Gənclər və idman komitəsinin digər üzvü Elşən Musayev təhsil sahəsində əsas islahatların sabiq təhsil naziri Mikayıl Cabbarovun dövründə bəlli səviyyəyə çatdığını və bu ənənənin bu gün nazir Ceyhun Bayramob zamanında da davam etdiyini qeyd edib:
“Ailə üzvlərim, ana, bacım hamısı müəllimdir. Dünyada bütün tarixi şəxsiyyətlər auditoriyalarda yetişir . O insanlara akademik deyilir. Avropada keçirilən bir tədbirdə Türkiyənin Baş Naziri Əhməd Davudoğlu çox möhtəşəm çıxış etdi. Orda hamı bir-birinə pıçıldayırdı ki, o müəllim olduğuna görə belə səlis danışır, auditoriyada davranış qaydalarıni bilir və s.
Məhz buna görə də müəllim adı hər zaman qürur duyula biləcək bir addır”.
O sonda layihənin təşkilatçılarına, Milli Məclis kollektivinə belə bir tədbiri keçirdiyinə görə öz minnətdarlığını bildirib.rinə pıçıldayırdi ki, o müəllimdir.
Qeyd edək ki, “İlin gənc müəllimi” müsabiqəsi ikinci ildir ki, həyata keçirilir. Cari ildə təşkil edilən müsabiqə 23 aprel – 8 sentyabr tarixlərini əhatə edib. Ümumilikdə, 3 mərhələdə keçirilən müsabiqədə müvafiq mərhələlər üzrə əvvəlcə 50, sonra 10 gənc müəllim mübarizə apararaq I,II və III yerlərin qalibi müəyyən edilib. Final mərhələsində Azedu.az-ın sorğu panelində yerləşdirilən elektron səsvermədə 504.385 nəfər iştirak edib.
Ayşə Müseyib