Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-10-12 10:08:00
Müəllimdən göz problemi zəif olan şagirdlər üçün əla ideya – “Onları sevindirmək istədim”

“Mənim üçün  məqsəd pul qazanmaq deyil, şagirdlərin biliklərinin çoxaldılması və inkişaf etməsidir”.

Bu sözləri AzEdu.az-a açıqlamasında Təhsil Nazirliyi tərəfindən elan olunan Təhsildə İnkişaf və İnnovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi Təranə Yusifova söyləyib.

O, Suraxanı rayon 285 saylı  tam orta məktəbin ibtidai sinif müəllimidir və  müsabiqədə “Audio ensiklopediya” layihəsi ilə qalib olub.

O, sözlərində layihənin yaranmasında ona stimul verən səbəblərdən danışıb:

“Audio ensiklopediyaya olan həvəsim iki il bundan öncə yarandı. O zaman bizim məktəbə yeni  direktor təyin edilmişdi. Həmin şəxs birinci qrant müsabiqədə iştirak edərək qalib oldu. Onun layihəsinin adı “Audio dərslik, oxumadan öyrənək” idi.Burada audio formatda olan dərslər müəllimlər tərəfindən səsləndirilirdi. Layihəyə 5-ci sinif Azərbaycan dili və ədəbiyyatı, Tarix dərsliklərin audio variantı daxil idi. Əsas  məqsəd gözü zəif olan uşaqların problemlərinin  aradan qaldırılması ilə bağlı idi. Nəzərə alınmışdı ki,  uşaqlar oxuyarkən əziyyət çəkməsinlər. Həmçinin,  bu tip dərsliklər yay tətili zamanı şagirdlərin vaxtını səmərəli keçirməyə də yardımçı olurdu. Belə ki, şagirdlər avtomobillə gedərkən  bu audio variantları dinləyə bilərdilər. Çünki kitabları daşımaq da şagirdlərə əlavə yük verir”.

Təranə Yusifova bu layihəni yaratmaqdakı əsas məqsədinin uşaqların biliklərini artırmaq olduğunu qeyd edib:

“Düşündüm ki, sağlamlıq imkanları məhdud olan şəxslərə  kitab oxumaq çətinlik yaradır. Həmçinin, müasir uşaqlar kitablara deyil, internetə   meyil edirlər. Onlar sosial şəbəkələrdə daha çox vaxt keçirirlər.Bu da audio ensiklopediya fikrini məndə formalaşdırdı.

Fikirləşdim ki, uşaqlar ən çox dinləməyə üstünlük verirlər.Ona görə  bu ideyanı formalaşdırdım.Bu da mənə imkan verdi ki,  audio ensiklopediya yarada bilim.1-4-cü sinif yaş səviyyəsində olan uşaqlar üçün audio ensiklopediya  tərtib etdim. Bu şəkildə onlar ensklopedik biliklər əldə edə bilərlər.

Düşündüm ki, şagirdlər bu audio ensiklopediyaya qulaq assalar, çox məlumatlar əldə edəcəklər.Bu onların informasiya bazasını genişləndirəcək .Həmçinin, onların axtarmaq həvəsini daha da artıracaq.Kitabla müqayisədə bu, yorucu olmayacaq.Bu audio ensiklopediya 6-9 yaş səviyyəsini əhatə edir.

Sağlamlıq imkanları məhdud, göz problemləri olan uşaqlara  yardım etmək və onları sevindirmək istədim. İbtidai sinifdə dərs deyən müəllimlər bu ensiklopediyadan istifadə etsinlər.Eyni zamanda şagirdlər bu audio ensiklopediyaya qulaq asmaqla  biliklərini inkişaf etdirəcəklər.Burada bütün məlumatlar əlifba sırası üzrə qruplaşdırılıb və ölkəmizin əhalisindən tarixinə qədər bütün informasiyalar əlifba sırası  ilə tərtib edilib.

Uşaqlar dinləyərək öyrənəcəklər.Mənim üçün  məsəd pul qazanmaq deyil, şagirdlərin biliklərinin çoxaldılması və inkişaf etməsidir.Bu ensiklopediya vasitəsi ilə uşaqlar çoxlu məlumatlar əldə edəcəklər.

Audio ensiklopediyanı  çox gözəl səsli xanım səsləndirəcək.Mən  uşaqların yaş səviyyəsini də nəzərə  almışam.Düşünürəm ki, şagirdlər  bun dinləyib çox şey öyrənəcəklər”.

Qeyd edək ki,3-cü qrant  müsabiqəyə dövlət ümumi təhsil müəssisələri və pedaqoji işçilərdən  ümumilikdə 878  layihə təklifi daxil olub.

Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 53, fərdi kateqoriya üzrə 115 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb. Müsbət qərar verilən 168 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

Ümumilikdə 44 rayon və şəhər üzrə ümumi təhsil müəssisəsi və müəllim qalib gəlib. Qalib layihələri olan ən fəal rayon və şəhərlər Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Quba, Masallı, Bərdə, Şəki, Göygöl və Şəmkirdir.

Xatirladaq ki, təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində, təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları