
“Elmdən ayrılan insanlar müəyyən ahıl yaşından sonra universitetə qayıtsalar belə onlar elmə töhfə verə bilməyəcəklər”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Etibar Əliyev deyib.
O, Novruz Məmmədovun Azərbaycan Dillər Universitetinə prorektor təyinatı barəsində fikirlərini bölüşərkən maraqlı məqama toxunub:
“Novruz müəllim uzun illər dekan və kafedra müdiri işləyib. Lakin o, çoxdandır ki, elmdən ayrılıb və yüksək vəzifələrdə çalışıb. Mənim qənaətim ondan ibarətdir ki, elmdən ayrılan insanlar müəyyən ahıl yaşından sonra universitetə qayıtsalar, onlar elmə töhfə verə bilməyəcəklər. Hətta bu proseslər Bakı Dövlət Universitetində də hökm sürür. Məsələn, Məmməd Əliyev adlı fizik 22 il diplomatik fəaliyyət göstərdikdən sonra 77 yaşında BDU-ya kafedra müdiri təyin edilib. Bu tip hadisələr yolverilməzdir. Bu islahatların universitetlərə fayda verəcəyini düşünmürəm. Çünki bu insanların kifayət qədər yaşları var. Daha yaxşı olardı ki, onlar elmi potensiallarını tələbələr və şagirdlər üçün vəsaitlər yazılmasına xərcləsinlər. Çünki o yaşda elmə töhfə vermək mümkün deyil. Yaxşı olardı ki, onlar tələbələr üçün elmi-populyar ədəbiyyat, ya da dərsliklər yazsınlar”.
Qeyd edək ki, N.Məmmədov bu gün Azərbaycan Dillər Universitetinə elmi işlər üzrə prorektor vəzifəsinə təyin edilib.