
“Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı aparılan tədqiqatlar həmin tarixin tam olaraq əhatəli mənzərəsini əks etdirmir”.
Bu sözləri AzEdu.az-a açıqlamsında Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova deyib.
O, AXC dövrü ilə bağlı aparılan tədqiqatlar haqqında fikirlərini söyləyib.
“Azərbaycan Xalq Cümhuriyyəti tarixi ilə bağlı tədqiqat işləri müstəqilliyimiz bərpa edildikdən sonra geniş şəkildə araşdırılmağa başlandı. Bu istiqamətdə , monoqrafiyalar yazılıb. akademik nəşrlər işıq üzü gördü. Həmçinin, Azərbaycan Xalq Cümhuriyyəti ensiklopediyası iki cild olmaqla nəşr edildi. Lakin bütün bunlar həmin tarixin tam olaraq əhatəli tədqiqini əks etdirmir və AXC tədqiqatlarının bitmiş olduğu qənaətini doğurmur. Hazırda AMEA-nın Tarix İnstitutunun Azərbaycan Xalq Cümhuriyyəti şöbəsində cümhuriyyət tədqiqatçıları bir araya gəlib həmin dövrün tarixinin daha da dərin qatlarına enərək yeni istiqamətlər müəyyənləşdirirlər. Çünki AXC ilə bağlı yeni sənədlər aşkar edilir. Tədqiqatçılar xarici səfərlər zamanı müxtəlif ölkələrin arxivlərində həmin dövrlə bağlı yeni arxiv sənədləri tapırlar. Bu sənədlər aşkarlandıqca tədqiqatların dərinləşdirilməsinə də ehtiyac yaranır.
Bu baxımdan, tədqiqatçıların qarşısında yeni araşdırmalı mövzular və istiqamətlər var. Ən əsas məsələ odur ki, gənc tədqiqatçılar bu mövzulara müraciət etdikdə bir başa ilkin mənbələrdən qaynaqlanmalı və lazım olan metodoloji yanaşmaya dərindən bələd olmalıdılar. Əks təqdirdə onların tədqiqatları ciddi qarşılanmayacaq və dünya tarixşünaslığına daxil edilməyəcəkdir.Bu baxımdan çox önəmli müzakirələr həyata keçirir və tədqiqatçılar qarşısında yeni vəzifələri bir daha konkretləşdiririk”.