
Bu gün tanınmış sosioloq-alim, şair –publisist Əhməd Qəşəmoğlunun 70 yaşı tamam olur.
Qeyd edək ki, Əhməd Qəşəm oğlu Məmmədov 1950–ci ilin 15 fevralında Naxçıvan MR Babək rayonun Vayxır kəndində anadan olub.
1972–ci ildə Bakı Dövlət Universitetinin Mexanika–riyaziyyat fakültəsini əla qiymətlərlə bitirib və Azərbaycan EA-nın Kibernetika İnstitutunda elmi fəaliyyətə başlayıb. Bu gün də akademiyada çalışan Əhməd Qəşəmoğlu cəmiyyətə daha çox sosioloq kimi tanınır. Lakin onun Ahəngyol elmi konsepsiyası və digər elmi araşdırmaları var ki, onlar Ə.Qəşəmoğlunu əslində, çox məhsuldar bir alim kimi də dəyərləndirməyə imkan verir.
Ə.Qəşəmoğlu AzEdu.az əməkdaşına özünün 70 yaş təəssüratı və gələcək əsas hədəfi barəsində danışıb:
“Bu yaşıma qədər kifayət qədər tələsik, ya da qeyri-tələsik elmi və bədii istiqamətli işlər görüb, xeyli yazılar yazmışam. Allahdan istədiyim odur ki, mənə şans versin ki, o yazılarımı redaktə edib, kitab şəklində oxuculara təqdim edə bilim.
Ömürlə bağlı qısa şeirimi də səsləndirirəm:
“Səndən qorxduğum qədər
heç nədən qorxmuram, ömrüm
İnsaf eylə, əlimdə işim çoxdur”
Əlavə başqa bir kitab da nəşr etdirməyi planlaşdırıram”.
Firayə Allahverdiyeva