
Pandemiya səbəbi ilə mart ayından etibarən dünya ölkələri təhsil müəssisələrinin fəaliyyətini distant şəkildə davam etdirir.
AzEdu.az xəbər verir ki, müxtəlif ölkələr üzrə ümumi təhsil müəssisələri və ali məktəblərdə dərslərin keçirilmə qaydası, dərs müddəti bir-birindən fərqlidir. Dünya ölkələrinin əksəriyyətində bir dərs müddəti arada qısa fasilə verilməklə iki hissəli keçirilir. Belə desək, ənənəvi tədris zamanı dərslərin keçirilmə qaydası eyni ilə distant tədrisdə tətbiq edilir.
Amerika, Yaponiya, Türkiyə, Almaniya, İsveçrə və s. ölkələrdə dərslər iki hissəli olaraq keçirilir. Hər bir ölkənin universitetlərində dəsrlərin keçirilmə müddəti bir-birindən fərqlənir. Məsələn, Yaponiyada və Almaniyada bir dərsə müddəti 45 dəqiqədir, bununla yanaşı bu ölkələrdə orta məktəblərdə olduğu kimi ali məktəblər üçün də televiziya kanallarında dərslər keçirilir. Bu ölkələr siyahısına Türkiyə də aiddir.
Türkiyədə bir dərs müddəti universitetlərə görə 30-40 dəqiqə olaraq götürülür. Eyni zamanda, tələbələr üçün TRT və başqa kanallarla əlaqə yaradılaraq televiziyada gündəlik dərslər yayımlanır.
Amerika universitetlərində dərs müddəti standart deyil. Bəzi universitetlər digər ölkələrdə olduğu kimi dərsləri iki hissəli olaraq qısa fasilə ilə keçir. Hətta tələbələr qeyd edirlər ki, ümumilikdə dərs müddəti bəzən üç saata qədər uzana bilir.
Azərbaycan universitetlərində hazırda onlayn dərslərin müddəti fasiləsiz 60 dəqiqə olaraq keçirilir. Eyni zamanda distant təhsil sistemi ölkəmiz üçün yenilik olduğundan internet və avadanlıq təchizatı kimi müəyyən problemlərin meydana gəlir.
UNEC Keyfiyyətə nəzarət şöbəsinin müdiri, dosent Sevda Sərdarova distant tədris prosesində yaranan problemlər və onların həllindən söz açıb:
“Distant təhsilin tətbiqi müddətində ilk növbədə texniki baxımından müəyyən problemlər yarana bilər. Tələbə özündən asılı olmayaraq bu kimi subyektiv problemlər səbəbindən dərsdə iştirak edə bilmir. Ancaq distant təhsil həqiqətən də çox öndə olan təhsil mexanizmidir. Biz iqtisadçı olaraq məsələnin müsbət tərəflərinə baxa bilirik. Məsələn, yol-nəqliyyat xərclərinə qənaət edə bilirik, Distant tədris zamanı vaxt itkisinə çox yol verilmir; zamanı düzgün bölür, tıxaclar və s. Kimi fəsadlara görə boşuna xərcləmirik.
Distant təhsilin nöqsanlarından daha çox faydalı tərəflərinə diqqət çəkə bilərik. Nöqsan və problemlər əsasən texniki baxımdan avadanlıq və qoşulmaq üçün internetin olmaması və ya zəifliyidir. Yəni bu kimi problemlər nöqsan sayıla bilər, ümumilikdə digər baxımdan heç bir problemi yoxdur. Düşünürəm ki, distant təhsil əvəzolunmazdır”.
Dosen texniki problem yaşayan tələbələrin əksəriyyətinin rayondlarda olduğuna diqqət çəkib:
“Distant təhsil zamanı texniki problemlər yaşayan, internetin zəifliyi və ya ümumiyyətlə olmaması səbəbi ilə dərslərə qoşulan bilməyən tələbələrin əksəriyyəti bölgələrimizdə yaşayanlardır. Şəhərdə olan tələbələrin texniki təchizat və internet problemi çox da olmur. Amma bu problemin aradan qaldırılması elə də çox xərc tələb etmir. Dediyimiz kimi, yalnız bölgələrdə bu çatışmazlıqlar səbəbi ilə müəyyən problemlər yarana bilir. Bu tələbənin özündən asılı olan bir şey deyil. Bu problemin həll yolu yalnız kifayət qədər lazımi təchizatın olduğu mühitdə olmaqdır. Bu zaman tələbə rahatlıqla onlayn dərslərdə iştirak edə biləcək.
Sərdarova təhsil müəssisəsi rəhbərlərinin məsələnin həllinə diqqət yetirməli olduqlarını bildirib:
“Bölgələrdə yerləşən ali təhsil müəssisələri də həmçinin bu zaman tələbələrə əlindən gələn dəstəyi verməlidir. Məsələn, UNEC bu il bölgələrdə olan və olmayan olan 180 tələbəni internet paketi ilə təmin etdi. Biz universitetimizdə tədris ilinə başlamadan öncə tələbələr arasında sorğu keçirdik. Sorğu zamanı evində internet problemi olan tələbələr bunu bizə bildirdilər və biz onların nömrələrinə lazımi internet paketi göndərdik. Ali təhsil müəssisəsi olaraq biz bu problemləri aradan qaldırmalı idik. Artıq 20 minə yaxın tələbə onlayn dərslərdə rahatlıqla iştirak edir.
O, distant təhsil ilə bağlı UNEC-də keçirilən təlimdən söz açıb:
“Biz distant dərslərin keçirilməsi qaydaları ilə bağlı beş günlük təlim keçirdik. Təlimin təşkilatçısı olaraq, istədik ki, biz bu tədris formasının keçirilməsinin müəyyən edilməsi zamanı dünya ölkələrinin, ən azından üç ölkənin təcrübəsindən yararlanaq: Amerika, İsveçrə və Türkiyə. Türkiyənin Anadolu Universitetinin bu məsələdə 40 illik təcrübəsi var.
Beşgünlük təlim müddətində gündəlik iki proqramla bu üç ölkənin distant təhsil təcrübəsini paylaşdıq. 1000 nəfər ZOOM platforması, 3000-4000 nəfər isə feysbuk üzərindən qoşuldu. Şimali Dakota, Corc Vaşinqton, İsveçrənin Luqano, Türkiyənin Anadolu universitetindən, Amerika universitetləri və digər ölkələrdən distant təhsil ilə bağlı təlimçilər qoşuldu. Biz onlardan distant təhsilin keçirilmə qaydası və müddəti ilə bağlı bilgilər aldıq. Məsələn, Şimali Dakotada onlayn dərslər 50 dəqiqə olmaqla iki yerə bölünür və arada 10 dəqiqə fasilə verilir. İsveçrədə isə bir dərs müddəti 40 dəqiqə olmaqla iki yerə bölünür və fasilə müddəti 10 dəqiqə olur. Nazirliyin qərarına əsasən, hazırda UNEC və digər Azərbaycan universitetlərində dərs müddəti 60 dəqiqədir.
Təhsil Nazirliyi tərəfindən verilən qərara əsasən, ölkəmizdə ali təhsil müəssisələri pandemiya səbəbi ilə noyabr ayına kimi distant şəkildə öz fəaliyyətini davam etdirəcək. Noyabrdan sonrakı tədris prosesi üçün yoluxma sayı nəzərə alınmaqla qərar veriləcək”.