
“Dünyanın heç bir ölkəsində imtahan verən şəxsdən onun imtahan nəticələri gizli saxlanılmır.Arzu edirəm ki, cari ildə keçiriləcək imtahanlarda bu qüsur aradan qaldırılacaq. Test imtahanı zamanı istifadə olunan sualların açıq ictimai müzakirəyə çıxarılması şəffaflığın təmin olunması üçün vacibdir”.
Bu sözləri AzEdu.az-a açıqlamasında təhsil eksperti Kamran Əsədov deyib. Onun sözlərinə görə,ümumiyyətlə, növündən asılı olmayaraq nəticələr imtahanda iştirak edən şəxslərə açıq şəkildə verilməlidir:
“Bu onların hüququdur. İlk növbədə ona görə ki, hər kəs istər doğru, istərsə də səhv yazdığı test tapşırığına baxmalı, səhv olan mövzular ətrafında bilik və bacarıqlarını təkmilləşdirilməlidir. Təəssüf ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən istər MİQ, istərsə də DQ və digər imtahanlarda iştirak edən şəxslərə istifadə olunan test tapşırıqları barədə məlumat verilmir. Bu yaxşı hal deyil.Bir çox hallarda həmin o imtahanlarda istifadə olunan test tapşırıqlarında səhvlər üzə çıxır. Bu zaman həmin vaxt məsələnin müsbət həlli mümkün olmur. Hesab edirəm ki, imtahanda iştirak edən şəxslərin şəxsi kabinetinə istifadə olunan test tapşırıqları, iddiaçının cavabları barədə və ümumiyyətlə doğru, yalnış cavablar barədə məlumatlar yerləşdirilməlidir.Dünyanın heç bir ölkəsində imtahan verən şəxsdən onun imtahan nəticələri gizli saxlanılmır.Arzu edirəm ki, cari ildə keçiriləcək imtahanlarda bu qüsur aradan qaldırılacaq.Test imtahanı zamanı istifadə olunan sualların açıq ictimai müzakirəyə çıxarılması şəffaflığın təmin olunması üçün çox vacibdir”.
Ekspertin sözlərinə görə Təhsil Nazirliyi imtahanda iştirak edən şəxslərin daha yaxşı nəticə əldə etməsi üçün sınaq imtahanları təşkil etməlidir:
“Əslində, iddiaçıların daha yaxşı nəticə əldə etməsi üçün bu çox yaxşı olardı. İlk növbədə ona görə ki, imtahanlar ənənəvi formada yox, kompüter qarşısında keçirilir. Bu tipli imtahan isə çox müəllim üçün yenidir. Müəyyən hazırlıq kursları isə sınaq imtahanlarını kağız üzərində təşkil edir. Təhsil Nazirliyi imtahanda iştirak edən şəxslərin daha yaxşı nəticə əldə etməsi üçün sınaq imtahanları təşkil etməlidir.DİM həyata keçirdiyi bütün növ imtahanlara uyğun olan sınaq imtahanı keçirir. Bu həmdə imtahan modelinin təkmilləşdirilməsi və digər problemlərin aradan qaldırılması üçün vacibdir. Ona görə də, hesab edirəm ki, Təhsil Nazirliyi öz daxilində imtahan mərkəzi yaradıb bu kimi məsələləri həll etməlidir.”
Günel Yaşarqızı