
Vanın Özalp rayonunda fiziki tərbiyə müəllimi Esra Antika şəxsi imkanlarıyla qabiliyyət imtahanlarına hazırlıq kursu açıb.
Müəllim, ailələlərini razı salaraq təmənnasız dərs verdiyi bir neçə şagirdinin universitetə qəbul olmasını təmin edib.
AzEdu.az xəbər verir ki, ucqar kəndləri bir-bir dolaşaraq şagirdlərinin ailələri ilə görüşən, COVİD-19 müddətində də rayondan ayrılmayan müəllimənin 14 şagirdi universitetə qəbul olub.
Rayondakı Şəhid Abdulhalık Araz Anadolu Liseyində üç ildir çalışan fiziki tərbiyə müəllimi, idmana marağı olan şagirdlərini universitetə hazırlamaq üçün ödənişsiz olaraq qabiliyyət imtahanlarına hazırlıq kursu açıb. Müəllim kəndləri gəzərək şagirdlərin ailələri ilə görüb və onları övladlarını xüsusi qabiliyyət kurslarına göndərməyə razı salmağa çalışıb. Nəticədə 25 şagirdin kurslara qatılmasını təmin edən Esra müəllim, imkanlarının məhdud olması səbəbi ilə ləvazimatları olmayan şagirdlər üçün də rayon əhalisindən yardım toplayıb. Dörd aylıq hazırlıq kursundan sonra müəllimin 14 şagirdi müxtəlif universitetlərin fiziki tərbiyə və idman müəllimliyi fakultəsinə qəbul olublar.
“Şagirdlərimin əlindən tutmaq istədim”
Müəllim, ucqar kəndlərdə yaşayan şagirdlərinin gələcək planlarını reallaşdıra bilmələri üçün əlindən gələni edəcəyini bildirib:
“Mən də belə bir kurs sayəsində fiziki tərbiyə müəllimliyini qazandım. Mənim kimi çətinlik yaşayan şagirdlərimin əllərindən tutmaq istədim. İlk məzunlarımızı verdiyimiz bu ilin əvvəlində şagirdlərimə oxumaq, idmançı olmaq istəyənləri yalnız buraxmayacağımı dedim. Hər gün şagirdlərim mənə zəng edərək imtahanda iştirak etmək istədiklərini , ancaq koronavirus səbəbi ilə geri qaldıqlarını bildirirdilər. Hətta bir çox şagirdim çobanlıq etdikləri zaman mənə zəng edir, imtahanlara necə hazırlaşmalı olduqlarını soruşurdular. Nəticədə onlara kömək etmək və xəyallarını gerçəkləşdirmələri üçün kursu açdım. Kursa başlama müddəti də çətin keçdi, şagirdlər nəqliyyat və ləvazimatla bağlı ciddi problemlər yaşayırdılar. Yolumuza çıxan problemlərə rəğmən bütün çətinliklərə qalib gəldik və uğur qazandıq.”
Müəllim bildirib ki, COVİD – 19 şagirdlərin proqramdan geri qalmalarına səbəb olurdu:
“Yoluxma artdığı üçün hər kəs evinə qapanmışdı. Bu prosesi necə idarəcəyimi düşündüm. İki yol vardı, ya geri çəkilib virusunun bitməsini gözləmək, ya da bir çıxış yolu tapmaq. Məktəb müdiri ilə danışdım, şagirdlərin valideyinləri ilə görüşüb onları razı saldıq. Şagirdlərlə danışıb izah etdim ki, işimizi tamamlamaq üçün virusa yoluxan olmamalıdır. Bunun üçün əsas şərt təmizlik idi. Rayonda maddi vəziyyət zəif olduğundan müəllimlərlə yığışıb aramızda pul toplayaraq lazımı ehtiyacları da ödədik. Yorulduğum hər an şagirdlərimə baxırdım, onlar mənə güc verirdi.Bu müddət ərzində dağlarda bərabər tərlədik, su kanallarında bərabər dincəldik. Şagirdlərim müxtəlif nüfuzlu universitetlərə qəbul oldular. Əldə etdiyimiz uğurlar bütün sıxıntılarımızı alıb apardı”.
Universitetə qəbul olan şagirdlərdən Serap Güntürkün əmisi Faruk Güntürk Esra müəllimənin şagirdlər üzərindəki əməyindən söz açıb:
“Bu çətin dövrdə şagirdlərimizin universitetə qəbul olmalarında əməyi olan müəllimimizə təşəkkür edirik. Qardaşım qızı ilə birlikdə beş qız sinif yoldaşı da qəbul oldu. Esra müəllimə bizə ilk deyəndə qərarsız qaldıq, amma o bizi razı salmağı bacardı. Onun əməkləri sayəsində qardaşım qızı istədiyi universitetə yüksək dərəcəylə qəbul oldu. Ona minnətdarıq, Allah ondan razı olsun.”
Bütün şagirdlər Esra müəlliməyə onlar üçün etdiyi hər şeyə görə təşəkkür edib, müəllimənin onların həyatını və gələcəyini dəyişdiyini bildiriblər.