
44 günlük Vətən müharibəsinin iştirakçıları arasında universitetə yeni qəbul olan subbakalavrlar da yer alır.
Cəbhədə yaranmış vəziyyətlə bağlı hərbi təlimlər keçirilməyə başladı və daha sonra qismən səfərbərlik elan edildi. Bu səbəblə subbakalavrların bir qismi qəbul olduğu universitetin qeydiyyat prosesində iştirak edə bilmədi.
Bəs bu tələbələr üçün nə kimi tədbirlər görülə, hansı addımlar atıla bilər?
Təhsil eksperti Elçin Süleymanov AzEdu.az-a açıqlamasında bildirib ki, bu məsələdə universitetlərin elə bir səlahiyyəti yoxdur:
“Qeydiyyat müddətində qeydiyyatdan keçməyənlər DİM və Təhsil Nazirliyinə bildirilir. Qeydiyyatdan keçənlər üçün isə müvafiq icra qurumu əmr çıxarılır və onlar o əmrdən sonra universitetin tələbəsi sayılır. Düşünürəm ki, bu cür vəziyyətdə olanlar DİM və Təhsil Nazirliyinə müraciət etsələr onların qanunvericiliyə uyğun tələbəyə edilə biləcək gezəşt imkanları araşdırıla bilər. Artıq əksər universitetdə semestr müddəti yekunlaşmaq üzrə olduğundan ola bilər ki, ikinci semestrdən o tələbələr universitetə qeydiyyatı aparıla bilər. Amma qeyd etdiyim kimi bu məsələdə univetsitetlərin səlahiyyətləri məhduddur.”
Məsələ ilə bağlı Təhsil Nazirliyi AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin tələbələr müraciət etdikləri halda qaldırılan məsələyə yenidən baxıla bilər:
“Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş və səfərbərliklə əlaqədar ordu sıralarına cəlb olunmuş şəxslərin qeydiyyatdan keçməsi üçün təhsil müəssisələri tərəfindən hər cür şərait yaradılmışdır. Hətta bir çox əsgərlərimiz, valideynləri və ya digər nümayəndələri tərəfindən, onlayn qaydada qeydiyyatdan keçirilmişdir. Oktyabr ayı ərzində qeydiyyat prosesi başa çatmış və noyabr ayının 1- nə qədər Dövlət İmtahan Mərkəzi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələrin əmrləri göndərilmişdir. Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmuş tələbələr hərbi xidmətlərini başa vurduqdan sonra müraciət etdikləri halda qaldırılan məsələyə yenidən baxıla bilər.”
Qeyd edək ki, bir müddət öncə ADNSU-a qəbul olan, ancaq sənədlərini təqdim edə bilməyən subbakalvr Mustafa Həsənovun universitet təhsili bərpa edildi.