Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-28 11:33:00
Amerikalı alim Frederik Starın kitabının ingiliscədən tərcümə layihəsi başa çatdı - Nəriman Qasımoğlu

Nəhayət, üç illik əməyimin bəhrəsi - görkəmli Amerikalı alim Frederik Star-ın "İtirilmiş maarif: Mərkəzi Asiyanın qızıl dövrü ərəb istilasından Teymurləngədək" kitabının ingiliscədən tərcümə layihəsi başa çatdı. Bu tərcümə əsərimi ADA Universiteti çap etdi və ötən cümə günü universitetin möhtəşəm kitabxanasında rektor Hafiz Paşayevin moderatorluğu və Frederik Star-ın iştirakı ilə əsərin gözəl bir təqdimatı da keçirildi.

824 səhifəlik bu kitab müsəlman sivilizasiyasının gəlişməsi, təkamülü və tənəzzülünə işıq tutan olduqca qiymətli tarix araşdırmasıdır. Əsər dünyanın elmi-akademik çevrələrində böyük maraqla qarşılanıb və müxtəlif dillərə tərcümə edilib. Kitabın elmi redaktoru Fərda Əsədovdur.

Kitab H.Paşayevin və F.Starın Azərbaycanlı oxuculara ünvanlanan yazıları ilə açılır. Amerikalı müəllifin yazısından bir sitat:

"Yaxın dostum, möhtərəm həmkarım, Bakıda ADA Universitetinin təsisçi rektoru Dr. Hafiz Paşayevin İTİRİLMİŞ MAARİF: MƏRKƏZİ ASİYANIN QIZIL DÖVRÜ kitabımı Azərbaycan dilində nəşr etditmək qərarından dərin şərəf duyuram. Dr. Paşayev Diplomatik Akademiya kimi fəaliyyətə başlamış və sonradan ADA universitetinə çevrilmiş yeni, müasir tədris ocağının qapılarını tələbələrin üzünə açdığı ilk gündən təhsiln əsasının məhz kitab və mütaliə olmasını bəyan etmişdir. Bu, öz ifadəsini onun yeni təhsil müəssisəsinin nəzdində mühüm bir kitabxana yaratmasında tapdı və indinin özündə onda tapir ki, Universitet hazırda əlinizdəki kitab kimi nəşrlərin maliyyələşməsini də həyata keçirir. Dr. Paşayev bu və bir çox başqa vasitələrlə elm və təhsil məşəlini həmişə uca tutur. Arzu edərdim onun bu nəcib fəaliyyəti uzun illər davam etsin!

Bu heç də asan olmayan tərcümə layihəsinin təşəbbüskarı Dr. Eldar İsmayılov oldu. O, tərcümə işinin sadəcə təşkili ilə kifayətlənmədi, işin gedişinə aid bütün mərhələlərə şəxsən nəzarət də etdi. Bu ciddi və təvazökar şəxsin Azərbaycan və Qafqaz mədəniyyətinə töhfəsi ölçüyəgəlməzdir. Dərin inamımı ifadə edirəm ki, kitab hər bir oxucuda maraq oyadacaq və cənab İsmayılovun təşəbbüsü layiqincə qiymətləndiriləcək.

Nəhayət, istərdim bu kitabı vərəqləyən hər bir oxucu əsərin tərcüməsini ərsəyə gətirmiş Nəriman Qasımoğluna ünvanladığım təşəkkürlərə və alqışlara qoşulsun. ADA Universiteti müəllim heyətinin möhtərəm nümayəndəsi professor Qasımoğlu bizə o mətləbi təsdiqləyir ki, tərcümə işi xeyli səy tələb edən sənət olmaqla, tərcümə edilən əsərin dərindən dərkini, həmçinin hər iki dilin – həm orijinalın, həm də əsərin çevrildiyi dilin incəliklərinə bələdliyi şərtləndirir".