Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-06-30 14:32:00
Əlyazmalar İnstitutu Türkmənistanın elmi müəssisələri ilə əməkdaşlığı genişləndirir  

Tükmənistan Elmlər Akademiyasının Milli Əlyazmalar İnstitutunun direktoru Davud Orazsahedov, Türkmənistan Ədəbiyyat İnstitutu direktorunun müavini Hezretqulu Durdjiyev və bu ölkənin Azərbaycandakı səfiri Mekan İşanquliyev AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olublar. Görüşdə institut direktorunun elmi işlər üzrə müavini Aybəniz Əliyeva-Kəngərli elmi qurumun yaranması, keçdiyi tarix yol və fəaliyyət istiqamətləri barədə məlumat verib.

İnstitutdan AzEdu.az-a bildiriblər ki, A.Əliyeva-Kəngərli, həmçinin burada saxlanılan əlyazmaların elektron kataloqlarının hazırlanması və bunun sayəsində yaxın vaxtlarda istənilən ölkədən Azərbaycan əlyazmaları ilə tanışlığın mümkün ola biləcəyini söyləyib. O, bu işin ən çətin və mürəkkəb hissəsinin başa çatdığını bildirib.

İnstitut direktorunun elmi işlər üzrə müavini Paşa Kərimov isə elmi müəssisədə qorunan qədim əlyazmalar haqqında məlumat verib. O, əlyazmaların saxlanılması, mühafizəsi və bərpası istiqamətində görülən işlərdən, institutda fəaliyyət göstərən şöbələrin fəaliyyətindən danışıb.

Görüşdə Türkmənistan nümayəndələri ilə gələcək əməkdaşlıq barədə müzakirələr aparılıb.

Sonra qonaqlar institutun ekspozisiya zalındakı əlyazmalarla tanış olublar.