
AMEA prezidenti akademik Akif Əlizadə Təhsil Nazirliyinin illik hesabatındakı çıxışı zamanı səsləndirdiyi bəzi arqument və təkliflər ziyalı elektaratın böyük marağına səbəb oldu.
Akademik öncə kiçik də olsa bir iradını bildirdi: hesabatı, oradakı məsələləri çox yaxşı qiymətləndirsə də, orada elmlə bağlı demək olar, heç nəyə toxunulmadığını qeyd etdi.
AMEA prezidentinin səsləndirdiyi təkliflərdən biri də ali məktəblərin təsnifatı ilə bağlı olub. O, hər hansı ali təhsil müəssisəsinin müxtəlif sahələrə uyğun formalaşmasını təqdir edib. Məsələn, hər hansı bir universitetin konkret olaraq, biznes, digəri siyasət, bir başqası isə kimya və s. fərqli istiqamətində olmasını zəruri hal hesab edib. O, bir universitet daxilində müxtəlif ixtisasların tədrisindənsə, vahid bir ixtisas ətrafında cəmlənməsini daha səmərəli hal hesab edib.
Akademikin səsləndirdiyi başqa bir məsələ isə, universitet daxilində tədrislə elmi məsələləri ayırmaqdır. O, Qərb təhsil modelini misal göstərərək, tədrislə məşğul olan, mühazirə oxuyan müəllimin elmi işə vaxtı qalmadığını, həmçinin, elmi tədqiqata yönələn alimin isə mühazirədə iştirak etmədiyini vurğulayıb. Həmçinin, Azərbaycanda universitet daxilində hər fakültədə ayrıca olaraq, həm tədris, həm də elmi işlə məşğul olanlar üçün ayrıca kafedralar təşkil olunmasının vacibliyini qeyd edib.
Akademik bu yolla alimin elmi işlərə, yaxud, tədris məsələlərinə daha da fokuslanacağını bildirib.
Ali məktəblərimiz akademikin dediyi kimi, təsnifatlaşarsa, konkret bir sahə üzrə fokuslanıb, bir-birilərindən fərqlənərsə, bu, təhsilimiz üçün çox səmərəverici addım olar.
Hər hansı ali təhsil ocağının paralel olaraq, bir neçə istiqamətdə kadrlar hazırlaması dünya təcrübəsində də müşahidə olunub və bu gün də olunmaqdadır. Lakin Qərb təhsil fəlsəfəsində bu gün, elmlərin inteqrasiyası, müxtəlif sahələrin bir ana elm sahəsi ətrafında birləşmə prosesi gedir. Məsələn, iqtisadiyyat, tibb, kimya və s. sahələrə aid törəmə elmi qollar da bir ali təhsil mərkəzində cəmlənir. Bu isə ali təhsil mərkəzinin həmin ixtisasa daha da fokuslaşmasında yardımçı olur. Şaxələnmədən, çoxqanadlılıqdan xilas olan ali təhsil müəssisəsi konkret bir sahədə daha faydalı tədris mərkəzinə çevrilmiş olur. Qərbi Avropa və Amerikanın əksər universitetləri bu gün eynilə bu tədris siyasətindən istifadə edir. Artıq texnologiya, mühəndislik, tibb və hüquq sahələri mütləq hansısa konkret ali təhsil müəssisəsinin yeganə funksiyası rolunu oynayır. Məsələn, Massaçusets Texnologiya Universiteti sırf texnolohi sahəyə fokuslandığı üçün bu qədər uğurlu işlər görə bilib. Azərbaycanda ali təhsil müəssisələrinin fokuslanmasında, mahiyyət etibarilə bir-birindən fərqlənməsində sırf bu səbəbdən ciddi ehtiyac var. UNEC sırf iqtisadiyyat istiqamətində ciddi kadrlar yetirşdirdiyi kimi, başqa bir universitet kimya, hüquq, siyasət sahələri üzrə lazimi mütəxəssislər ərsəyə gətirməlidir”.
Digər bir məsələ, bir ali məktəb daxilində alimlə müəllimin işinin, yəni tədrislə elmi prosesin bir-birindən ayrılması məsələsi də akademikin səsləndirdiyi vacib təkliflərdəndir.
Əslində, bu tendensiya Qərb universitetlərində çoxdan tətbiq olunub və öz lazımı səmərəsini də göstərməkdədir. Qərb universitetlərində bir neçə akademik vəzifə var. Bu bölgüdəki nisbətən, alt qruplar əsasən, tədris işləri ilə məşğul olur, bakalavr pilləsində oxuyanlara mühazirə söyləyirlər. Onlar sırf bu istiqamətdə püxtələşir, tələbələrlə iş birliyinə önəm verirlər. Digər qrup isə, əsasən, master pilləsində olanlarla, gələcəyin alimləri ilə işləyirlər. Daha üstün qrup isə konkret olaraq elmi araşdırmaya özünü həsr edir. Akademikin də dediyi kimi bizim universitet fakültələrində tədris və elmi prosesləri bir-birindən ayıran kafedralar yaradılsa, bu, hər iki sahənin inkişafına və güclü mütəxəssislərin hazırlanmasına səbəblənər.
Təbii ki, elmlə təhsilin inteqrasiyası əbədiyyən vacib olan məsələdir. Amma onların hərəsinin öz spesifik tələbləri və iş mexanizmi olduğu üçün biz ali məktəblərimizdə bu təklifi mütləq tətbiq etməliyik.
Akademikin illik hesabatda yuxarıdakı məsələlər barəsində dediklərini diqqətinizə çatdırırıq:
“Mühazirələrlə məşğul olan alimlərin elmə vaxtları çatmır. Elmi tədqiqat işlərinə meyl və imkanlar azalır. Halbuki bu gün bizim ali təhsil müəssisələrimizdə elmi tədqiqatların geniş vüsət alması üçün xeyli imkanlar var.
Qərb ölkələrində akademik vəzifə sahibləri sistemli fəaliyyət göstərir. Məsələn, onlarda dörd ibtidai müəllim vəzifəsi mövcuddur: rektor, böyük rektor, professor və yüksək professor. Bu bölgü nə üçündür? Çünki mühazirələrlə məşğul olan alimlərin elmə vaxtrları çatmır. Elmi tədqiqat işlərinə meyl və imkanlar azalır. Halbuki bu gün bizim ali təhsil müəssisələrimizdə elmi tədqiqatların geniş vüsət alması üçün xeyli imkanlar var. Məsələn, Bakı Dövlət Universiteti çox yaxşı, fundomental elmi tədqiqatlarla məşğuldur. Orada güclü maddi-texniki baza var. Amma bu maddi texniki bazadan istifadə etmək üçün professorun nə vaxtı, nə də həvəsi çatır. Qərbdə isə belədir: Aşağı pillədəki professor yalnız mühazirələrlə məşğuldur. Amma yüksək səviyyəli professor həm mühazirə demək, həm də qrantlar üzrə çalışmaq hüququna malikdir. O, qrant əldə edib tələbələrini buna cəlb edə bilər. Bunun üçün dövlət tərəfindən hüquqi baza yaratmaq lazımdır”.
Akademikinin toxunduğu məsələlərdən biri də peşə təhsili oldu. Amma necə? AMEA prezidenti yalnız gələcəkdə böyük mühəndis, İT sahəsində texniki mütəxəssis yetişdirəcək peşə təhsilini qabardırdı:
“Peşə təhsili çox vacib məsələdir. Yaxşı ki, Milli Məclis bu haqda qərarı müzakirə edib. Bu qərar biz alimlər üçün çox mühümdür. Çünki alimlər tədqiqatlarında cihazlardan istifadə edirlər. Peşə təhsilində elə peşəkar gənclər hazırlanmalıdır ki, müxtəlif cihazları işlədib alimə bu istiqamətdə kömək etsinlər. Alimin elektronika ilə məşğul olmağa ehtiyacı yoxdur, onun öz istiqaməti var. O elektronikadan yalnız öz tədqiqatının nəticəsi üçün istifadə edir və onu təhlil edərək bir nəticəyə gəlir. Peşə təhsilində mühəndislik, informasiya texnologiyaları istiqamətində gənclərin olduqca ciddi hazırlığı istiqamətini açmaq lazımdır”.
Burada bir sual ortaya çıxır: bizim peşə təhsilimizin hazırki durumu akademikin bu təhsil sistemindən etdiyi tələbə nə dərəcədə uyğundur?
Bu isə ayrıca analiz yazının mövzusudur...
Elmin Nuri
Lamiyə Süleymanlı