
Leyla Əliyeva 3 iyul 1984-cü ildə Moskva şəhərində İlham Əliyevin və Mehriban Əliyevanın ailəsində anadan olub. 1989-2000-ci illərdə Bakı şəhərinin 160 saylı tam orta məktəbində orta təhsil alıb. Orta məktəbi bitirdikdən sonra isə həmin il Avropa Biznes Məktəbinə (ESB) daxil olub. Kiçik bacısı Arzu Əliyeva ilə birlikdə İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb.
AzEdu.az xəbər verir ki, Leyla Əliyeva 2007-ci il mayın 10-dan Rusiyada Heydər Əliyev Fondunun Rusiya filialının rəhbəri kimi ictimai fəaliyyət göstərir. O, 2007-ci il dekabrın 19-dan Moskvada nəşr olunan “Bakı” jurnalının təsiscisi və baş redaktorudur.
2010-cu ilədək Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda Azərbaycan Gənclər Klubunun sədri olub.
2008-ci ilin may ayında Mədəniyyətlərarası Dialoqda İslam Konfransı Təşkilatının Gənclər Forumunun Baş Əlaqələndiricisi olub. O, 2009-cu il aprelin 8-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri seçilib.
Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir.
O, 2011-ci il iyulun 4-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə gorə “Tərəqqi” medalı ilə təltif olunub.
Leyla Əliyeva rəssamlıq, rejissorluq kimi sahələrlə yanaşı, şeirlər də yazır. Leyla Əliyevanın öz babası Heydər Əliyevə həsr etdiyi “Elegiya” şeiri orta məktəblərin 5-ci sinif ədəbiyyat dərsliklərinə salınıb.
Leyla Əliyeva 2016-cı ildə Moskva Dövlət Universitetinin fəxri professoru diplomunu alıb.