
Artıq məlumdur ki, bu gündən etibarən, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron sənəd qəbuluna başlanılıb və proses iyulun 8-dək davam edəcək.
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir.
Bəs, müəllim namizədləri bu şərəfli adı qazanmaq üçün imtahana necə hazırlaşırlar?
Bununla bağlı AzEdu.az müəllimliyə namizədlərin fikrini öyrənib.
Müəllimlərin işə qəbulunda iştirak etmək istəyən Bakı Avrasiya Universitetinin məzunu Babayeva Xuramanın sözlərinə görə, imtahan yaxınlaşdıqca, həyəcan daha da artır və əvvəlkindən daha da çox çalışmağa başlayırsan:
“Hər gün hər fəndən ən azı 100 test işləyirəm. Eyni zamanda, bilmədiyim mövzuları təkrar edir, internet vasitəsilə onlayn sınaqlardan yararlanır və nə qədər nəticə yığa biləcəyimi yoxlayıram”.
Müəllimlərin işə qəbulunda iştirak etmək istəyən müəllimliyə namizəd, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Əhmədli Fatimənin sözlərinə görə, elmə fikir verməyən, təhsili aşağı səviyyədə olan adamlar imtahana görə o qədər də həyəcan keçirmir. Amma ondasa imtahan müddəti yaxınlaşdıqca həyəcan daha da artır:
“Nəticənin uğurlu olması üçün imtahana hazırlığın düzgün aparılması vacibdir. Beyni çox yükləməyə yol vermək olmaz və ona istirahət hüququ vermək lazımdır. Eyni zamanda düzgün yuxu rejimi qaydalarına da riayət edirəm”.
Müəllimliyə namizəd Bakı Avrasiya Universitetinin məzunu Hacıyeva Lalənin sözlərinə görə, müəllim adını qazanmaq çox böyük şərəfli işdir məhz ona görə də o adı qazanmaq üçün böyük əzmkarlıqla çalışmaq lazımdır:
“İmtahanı uğurla keçmək üçün kursa gedərək müəllimdən dəstək alıram, evdə çoxlu testlər işləyirəm və internet vasitəsilə müəllim üçün olan testləri işləyirəm “.
Günel YAŞARQIZI