
Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsi ilə bağlı təsis edilməsi gözlənilən 5 beynəlxalq ikili diplom proqramlarından ilk 3 proqram artıq fəaliyyətə başlayıb.
AzEdu.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında məlumat verilib.
Bu proqramlar ABŞ-ın Corc Vaşinqton Universiteti ilə ADPU - nun “Təhsil ixtisası” istiqaməti üzrə magistratura səviyyəsində, ABŞ-ın həmin Universiteti ilə ADA Universitetinin “Komputer elmləri və verilənlərin təhlili” ixtisası istiqaməti üzrə magistratura səviyyəsində və Koreya Respublikasının İnha Universiteti İlə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisasları istiqaməti üzrə bakalavriat səviyyəsində həyata keçirilib.
Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universitetinin “aqrar elmlər” istiqaməti üzrə bakalavriat səviyyəsində beynəlxalq ikili diplom proqramının təsis edilməsi istiqamətində işlər başa çatdırılmaqdadır.
Qeyd edilib ki,bu istiqamətlər “2019 – 2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində ölkəmizdə yeni nəsil mütəxəssislərin yetişdirilməsi, ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsi üçün nəzərdə tutulub.