
Xəbər verdiyimiz kimi müəllimlərin işə qəbulu üzrə iyulun 2-də başlayan elektron sənəd qəbulu sabah başa çatacaq.
AzEdu.az xəbər verir ki, əksər müəllim elektron qeydiyyat zamanı bir sıra problemlərlə üzləşib. Bu problemlərdən biri də qeydiyyat zamanı səhv yol verildikdən sonra ərizəyə düzəliş edilməsiylə bağlıdır.
MİQ imtahanında iştirak etmək istəyən hər namizəd miq.edu.az saytında qeydiyyatdan keçməlidir. Qeydiyyatdan keçdikdən sonra sizə şəxsi kabinet yaradılır. Şəxsi kabinet vasitəsilə sizdən istənilən məlumatları bazaya daxil edirsiniz. Məlumatları təsdiq etməmişdən öncə sizə informasiyaların dəqiqliyini yoxlamağınız barədə xəbərdarlıq edilir. Yalnız ərizəyə yenidən göz gəzdirdikdən sonra elektron qeydiyyatınızı təsdiq etməlisiniz. Hər hansı bir səhvə yol verən müəllimlər isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnsitutunun İnsan Resursları Mərkəzi ilə (012-430-52-78) əlaqə saxlayıb ərizələrində düzəliş edə bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbul imtahanının iyulun 16-dan sonra başlaması və avqustun 1-nə qədər yekunlaşması nəzərdə tutulub.