Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-08 12:23:00
MİQ imtahanlarına qeydiyyat bu gün başa çatır

Müəllimlərin işə qəbulu üzrə iyulun 2-də başlayan elektron sənəd qəbulu bu gün 23:59-da başa çatacaq.

AzEdu.az xəbər verir ki, müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər. Müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.

Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. İyul ayının ikinci yarısında keçirilməsi nəzərdə tutulan test imtahanı mərhələsində namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim ediləcək. Bu mərhələdə keçid balını toplamış namizədlər 8 vakant yer seçə biləcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü  yoxlanılacaq. Bu ildən etibarən 10 ildən artıq pedaqoji stajı olub, 3 ildən az müddətdə işdən ayrılan müəllimlərin işə qəbulu müsabiqəsində iştirakı zamanı onların diaqnostik qiymətləndirməsinin balı  nəzərə alınacaq.

Qeyd edək ki, Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, müəllimlərin işə qəbulu üzrə müsabiqə üçün 45.000 nəfər qeydiyyatdan keçib. Müəllimlərin işə qəbul imtahanının iyulun 16-dan sonra başlaması və  avqustun 1-nə qədər yekunlaşması nəzərdə tutulub.