
Ötən həftə iki dəfə Mingəçevir şəhərində fəaliyyət göstərən “Azərbaycan” İES 1-ci və 6-cı enerji blokunda partlayış baş verib. Hadisə nəticəsində ölkənin əksər rayonlarında elektrik enerjisinin verilişi dayandı. Bunun təsiri daha çox paytaxt Bakıda hiss olundu. Nəqliyyat sistemindən tutmuş, suların verilişi, tibb ocaqları, metroda ciddi problemlər yarandı.
Almaniyada yaşayan həmyerlimiz, texnika üzrə doktor-mühəndis elmi dərəcəsini qazanan mütəxəssis Rezo Əliyev AzEdu.az-a açıqlamasında qəzanın səbəbləri barəsində danışıb və məsələyə elmi- texniki aspektdən yanaşıb:
Mingəçevirdə yerləşən “Azərbaycan“ İstilik Elektrik Stansiyası“nda baş verən qəza nəticəsində Azərbaycanda yaşanılan problemlər bizləri də çox narahat etdi. Bu problemin bir başa bizə təsiri olmasa da, orada yaşayan insanların qarşılaşdığı çətinliklər məncə kənarda yaşayan azərbaycanlılara təsirsiz ötüşmədi. Ən azından sosial şəbəkələrdə gedən diskusiyalarda bu narahatlıq aydın hiss olunurdu.
Qəzanın səbəblərinə gəlincə, mediada dərc olunan yazılardan və görüntülərdən məlum olur ki, problem əsasən enerjinin nəqlində tətbiq olunan qurğuların sıradan çıxması ilə bağlıdır.
Qəzanın həcmi və təsirini aydınlaşdırmaq üçün məsələni texniki tərəfinə nəzər salaq:
Ümumilikdə, enerjinin istehsalı və nəqli məsələsinə ayrılıqda baxılması gərəkdir. Elektrik enerjisinin əldə olunması üçün öncə ilkin enerji mənbəyindən istifadə olunur. Elektrik stansiyalarının əsas məqsədi isə müxtəlif üsullarla bu enerjini elektrik enerjisinə çevirməkdən ibarətdir. Mingəçevir SES-də bəndlərlə qabağı kəsilən su yığımı kanallar vasitəsilə su turbinlərinin pərlərinə yönəldilir. Yüksək sürətlə fırlanan turbin ona qoşulmuş generatoru işlədir. İstilik elektrik stansiyalarında isə turbinləri işlətmək üçün böyük qazanlarda təbii qaz, mazut və ya daş kömürdən istifadə etməklə qaynadılmış su buxarı tətbiq olunur. Alınan buxar kanallarla buxar turbinin pərinə yönləndirilir. Buxar turbini də ona qoşulmuş generatoru işə salır. Prosesin buradan sonrakı hissəsi, yəni enerjinin nəqli bütün elektrik stansiyalarında oxşardır. Adətən, generatordan alınan elektrik enerjisini uzaq məsafəyə itkisiz ötürmək üçün onu çevirmək lazım gəlir. Elektrik stansiyalarında tətbiq olunan transformatorların da əsas işi bundan ibarətdir. Bu proses zəncirinə baxsaq, görərik ki, bütün mərhələlərdə, enerjinin yığılması, çevrilməsi və nəqlində böyük fiziki işlər icra edilir. İstilik elektrik stansiyaların çox aşağı faydalı iş əmsalına malik olması ona gətirir ki, hər pillə istilik şəklində enerjinin ayrılması ilə müşaiyət olunur. Ayrılan istiliyin qurğuların işləməsinə təsirini azaltmaq üçün onlar daima soyudulmalıdır. Qurğuda ən çox istilik itkisi buxarın turbinlərdən keçərək kondensasiya olunmasında baş verir. Yəni qəza baxımından ən təhlükəli yer də məncə, bura sayılır. İstilik elektrik stansiyasının bu hissəsində bir qəza olarsa, sıxılmış buxarın yüksək dağıdıcı gücə malik olması sayəsində daha böyük problemlər yaşana bilər. Mingəçevirdə baş vermiş qəza isə bunun yanında az zərərəli sayıla bilər və qısa zamanda transformatorların yenilənməsi ilə aradan qaldırılma imkanına malikdir.
Mingəçevirdəki qəzanın səbəblərinə gəlincə onun enerjinin transformasiya və nəqlindəki çatışmazlıqlarla bağlı olması aydın görünür. Transformatorların optimal işləməsi üçün tətbiq olunan yağın temperaturu aşağı həddə olmalıdır. O həddən artıq qızdıqda yağda qazlar əmələ gəlir və yanmağa başlayır. Nəticədə transformator dağılır. İstehsalda olan transformatorların soyudulmasının düzgün təşkil olunmaması onun həddən artıq qızmasına və sonda sıradan çıxmasına gətirib çıxarıb. Havaların çox isti keçməsinə soyutma sisteminə təsir etməsi fəlakətə aparan yeganə səbəb kimi qəbul edilməzdir. Çünki, belə amillərin təsiri qurğuların layihələndirilməsi və tətbiqində nəzərə alınmalıdır. Transformatorlar enerji istehsalından kənarda yerləşdiyindən qəza nəticəsində onun bütün prosesə vuracağı zərər də azdır.
Hər halda bir blokda olan bir neçə transformatorun sıradan çıxmasının bütün ölkəni elektrik enerji sisteminin çökdürməsinin daha ciddi səbəbləri olmalıdır. Bu ölkədəki enerji sisteminin idarə olunmasındakı problemlərə dəlalət edir. Müasir elektrik enerji stansiyalarında baş verə biləck hər qəzanı lokallaşdırmaq üçün elektrik şəbəkələrində xüsusi ayrıcı sistemlər yerləşdirilir. Qəza baş verdikdə onlar qəza olan sahəni ümumi şəbəkədən ayıraraq zərəri minimallaşdırmağa çalışırlar. Bunun üçün isə əsas şərt bütün sahələrdə aktiv və passiv izləyici sistemlərin quraşdırılmasından ibarətdir. Göründüyü kimi bu kompleks tədbirlərin Mingəçevirdəki istilik elektrik stansiyasında kifayət qədər təmin olunmaması keçən günlərdə ölkədə baş verən „Blackout“a gətirib çıxarıb.
Qeyd edək ki, Doktor Rezo Əliyev 1968-ci ildə anadan olub. 1985-ci ildə orta məktəbi başa vurduqdan sonra Azərbaycan Politexnik İnstitutuna (indiki ATU) eksperiment yolu ilə (yalnız iki imtahan verməklə) qəbul edilib, 1992-ci ildə məzun olub və elə həmin institutda da tədqiqatçı kimi əmək fəaliyyətinə başlayıb.
Gənc tədqiqatçı 1995-ci ildə Alman Akademik Mübadilə Xidməti (DAAD) tərəfindən layiq görüldüyü təqaüdə əsasən Frayberq Texniki Universitetinə ezam olunur. 1995-1997-ci illərdə bu universitetdə müxtəlif elmi tədqiqat layihələrində iştirak edir. 1997-ci ildə həmin universitetin doktoranturasına qəbul olunur.
Maşınqayırmada yüksək texnologiyaların tətbiqinə dair yazdığı dissertasiyanı 5 yanvar 2001-ci il tarixində müdafiə edir və Almaniyada ilk azərbaycanlı olaraq, doktor-mühəndis elmi dərəcəsinə yiyələnir. Rezo Əliyev hazırda maşınqayırmada yüksək texnologiyalar sahəsində məşğul olduğu problemlər üzrə 60-dan çox elmi məqalənin və ondan çox patentin müəllifidir.
Tərcümeyi halı 2007-ci ildə ABŞ-da çap olunmuş “Who’s Who in Science and Engineering 2008-2009“ kitabına daxil edilib.
Alim 2001-ci ildən, avtomobillər üçün metal prototiplərin hazırlanması sahəsində dünyada aparıcı müəssisə sayılan, "3D Çapetmə" texnologiyasının tətbiqçisi olan ACTech GmbH firmasında çalışır. Əsas fəaliyyət sahəsinə firmadaxili yeni texnoloji proseslərin işlənməsi və tətbiqi ilə bərabər, müəssisə ilə elmi-tədqiqat institutları arasında aparılan elmi işləri və həmçinin müəssisənin patent işlərini koordinasiya etmək də aiddir.
Rezo Əliyevin Azərbaycan ali məktəbləri ilə də sıx əlaqələri var. Məhz onun sayəsində maşınqayırmada mütərəqqi texnologiyalar və elmi metodlara dair dərslik və kitablar Azərbaycan dilində çap edilərək, Azərbaycan Texniki Universiteti və ADNSU-da təhsil alan tələblər üçün əlçatan olub. Alim Azərbaycanda keçirilən bir sıra elmi-texniki konfranslarda məruzələrlə çıxışlar edib.