Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 10:08:00
Tətili evdə, dağda, kənddə keçirən müəllimlər – “Büdcəmiz buna imkan verir”  

Ciddi iş, gərgin əməklə məşğul olan hər bir insanın   istərklərindən biri də yay tətili   istirahətdir. Bunu  isə   müxtəlif məkanlarda,  fərqli  şəkildə həyata keçirmək mümkündür. 

Bəs, məktəbdə şəxsiyyətin ahəngdar inkişafında  böyük rolu olan müəllimlər  yay istirahətini necə və harada keçirəcək?

AzEdu.az bununla bağlı müəllimlərin fikrini öyrənib:

Əmirəhməd Quliyev   adına 121saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rzaqulu Məmmədov  yay tətilini elə öz kəndklərində keçirməyi planlaşdırır:

“Mən adətən,  hər il bölgələrimizdən  ikisində və ya üçündə    hər birində  bir neçə gün olmaqla dincəlməyə çalışıram. Son avqust  ayını isə  Naxçıvanda,  doğulduğum yerdə keçirirəm.  Ən maraqlısı  və cibə  uyğunu da elə öz kəndimizdir. Nostalji yaşamaq, keçmiş  uşaqlıq illərinin izlərini görmək, daha maraqlı olur”.

Ağsu rayon Kalva kənd orta məktəbin fransız dili müəlliməsi Nilufər Müslümova  isə yay tətilini elə öz evlərində keçirəcəyini deyir:

“Əsasən  evdə olacam və maddi imkanım çatana qədər  ara-sıra bəzi bölgələrə baş çəkməyi düşünürəm”.

Gədəbəy  rayonu  1saylı tam orta məktəbin  coğrafiya müəllimi Tural Topçuyev də digər həmkarları kimi büdcəsinə uyğun hərəkət edəcəyini vurğulayır:

“ Müəllimə istirahət daha vacibdir,  çünki doqquzaylıq  beyin yorğunluğunu  yalnız istirahətlə aradan qaldırmaq mümkündür. Biz II qrup imtahanı ilə əlaqədar olaraq  26.07.2018-ci il tarixədək işləməliyik. Ondan sonra  qısamüddətli  də olsa,  istirahət   barədə düşünürəm. Bu sözsüz ki,  büdcəmizə uyğun olacaq”.

Laçın rayon Taxtakörpü  qəsəbə tam orta məktəbin  ingilis dili müəlliməsi Şəbnəm Cəbrayıl  dağlıq  rayonların birində  istirahət etmək fikrindədir:

“Yay tətili hər bir insan üçün  olduqca önəmlidir, müəllimlər üçün isə  daha  çox əhəmiyyət  kəsb edir. Çünki, müəllimlik elə bir peşədir  ki, il uzunu  məsuliyyət  ilə proqram bitirmək, şagirdlərin  irəliləyişlərini diqqətlə müşahidə etmək  və onlara istər elmdə, istərsə də aktiv həyatda   dəstək  olmaq üçün yüksək səviyyədə enerji tələb edir. Müəllimin bol enerji yığması  və  növbəti ilə yüksək  motivasiya ilə başlaması üçün  istirahətə ehtiyacı daha çoxdur. Ölkəmizin coğrafi  mövqeyi elə gözəldir  ki, burada istənilən  istirahəti həyata keçirmək üçün gözəl  rayonlar , kəndlər var  lakin təəssüflər  olsun ki,  Azərbaycanda turizm   arzu olunan  şəkildə   inkişaf etməyib, həddindən artıq  bahalıqdır və xidmət səviyyəsi  olduqca  aşağıdır. Bir müəllimin maaşına uyğun   istirahət mərkəzi  çox azdır.

Bir aran rayonunda çalışırıq  çox ehtimal ki, istirahətimizi də dağlıq  rayonların birində  edərik. Bütün  həmkarlarıma və hər kəsə  xoş istirahətlər arzu edirəm.

Aynur Qarayeva,Saatlı  rayon Hacıqasımlı kənd orta məktəbin  ibtidai sinif müəllimi: Yay  istirahətini ən çox  ən az ölkədaxili sərin və təbiət qoynunda  olan rayonları gəzərək  keçirməyi arzulasam da amma bir neçə ildir ki, mümkün olmur. Həm maddi, həm də vaxt baxımından  qohum  dost  evlərinə qonaq  getməklə  fərqlilik yaratmağa   çalışıram.  Öz adımdan deyə bilərəm ki,   yalnız  qəbul edib, qonaq gedirəm və  dərs vaxtı qoşula bilmədiyim təlimlərə qoşularaq, peşəkarlığımı  artırmağa çalışıram. Ümumiyyətlə,  həmkarlarıma  baxdıqda deyə bilərəm ki,  tətil bizə əlçatmazdı. Ali məktəb imtahanları, yerdəyişmə, MİQ həyəcanı  yeni dərs ili başlayana qədər bütün  tətil müddətini zəbt edir”.

Günel Yaşarqızı