
AzEdu.az təhsil portalı dünya və Azərbaycan elm tarixinin maraqlı şəxsiyyətləri, böyük alim və filosoflar barəsində maarifləndirici video materialların təqdimatını davam etdirir.
Bir neçə dəqiqəlik video materiallarda elm xadimlərinin həyat və fəaliyyəti haqqında qısa da olsa, vacib faktlara toxunulacaq. Bu dəfə böyük alim, dahiliyin hər cür əzabını dadan məşhur riyaziyyatçı Con Neş haqqında videonu təqdim edirik:
Tələbə ikən Con Neş universitetdə tədris olunan dərsləri sadəcə vaxt itkisi sayırdı. Elə o səbəbdən də ixtisasını dəyişərək sırf riyaziyyat sahəsinə keçməli olur. Yataqxanada yaşadığı otağın pəncərəsində yalnız özünün anlaya biləcəyi xüsusi işarələr və rəqəmlərdən ibarət nümunələr yazardı. Otaq yoldaşı riyaziyyatçı olsa da onların nədən ibarət olduğunu anlamazdı. Çox keçmədən az qala bütün Amerika biləcəkdi ki, bu yeni fikir sistemi olan-Oyunlar nəzəriyyəsidir. Bu nəzəriyyə strateji qərarlar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, oyunlar nəzəriyyəsi “ağıllı rasional qərar qəbuledənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir”. Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabər olurdu. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Con Neşin daha da təkmilləşdirdiyi nəzəriyyə iqtisadiyyatın bütün sahələrində, həmçinin biologiya, bioinformatika, hərbi sənayedə tətbiq olunur.
Con Neşə hər zaman elə gəlirdi ki, onu kimsə izləyir. 30 yaşına qədər hər şey öz qaydasında idi. Kornegi Texnologiya Universitetinin tələbəsi olan zaman üzərində işlədiyi “Oyunlar nəzəriyyəsi onu böyük nüfuz sahibinə çevirdi. Qeyd edək ki, alimə qoca yaşında məhz bu nəzəriyyəyə görə Nobel mükafatı verildi.
Otuz yaşdan sonra isə şizofreniyanın fəsadları özünü göstərməyə başladı. Alim hara gedirdisə iki adamın hər zaman onu izlədiyini zənn edirdi. Bunlardan biri Karnegi Texnologiya Universitetində onunla otaq yoldaşı olan Çarls, o birisi isə Con Neşi bir neçə dəfə ölümlə üz-üzə qoyan xüsusi xidmət orqanının zabiti Vilyam Parker idi.
1958-ci ildə Con Neşi dünyanın ən qəribə alimləri sırasına çıxaracaq özəlliyi- şizofreniya artıq öz ağuşuna aldı. Ən pisi də bu idi ki, böyük riyaziyyatçı artıq Alisa Lerdi ilə evlənmişdi. Bir ildən sonra onların oğlu dünyaya gəldi. Amma ailə səadətini qəti yaşaya bilmirdilər. Con Neş qəflətən gecə yarısı durub bütün pəncərələrin pərdələrini çəkir, onsuz da bağlı olan qapıları yenidən bağlamağa cəhd göstərir, özünü kimlərdənsə qorumağa çalışırdı. Vaxtilə universitetdə özünün gənc müəlliminə məftun olan Alisa üçün artıq onunla birgə yaşamaq dözülməz idi. Lakin xanım bacardığı qədər Neşin qəribəliklərinə dözməyə çalışırdı. Bir hadisədən sonra boşanmaq qərarına gəldilər: qısa müddətə evi tərk edən Alisa körpə oğlunu Neşə tapşırır.
Onu arxayın edən Neş özünün şizofrenik illuziyalarına necə qapılırsa uşağı vannaya qoyaraq suyu da açıq saxlayır. Alisa bir az da gec gəlsəydi öz oğlunu suda boğulmuş görəcəkdi. Bu hadisə artıq hər şeyin pik nöqtəsi demək idi. Odur ki, Alisa çox ciddi psixoloji problemləri olan Neşdən ayrılır.
“Həyatım boyunca hər zaman rəqəmlərə inandım. İçində məntiq olan təsadüflər və sirlərlə dolu rəqəmləri çözməyə çalışdım. Araşdırarkən metafizik aləmlərə gedib gəldim. Ondan sonra isə kariyeramın ən böyük kəşfini tapdım: Məntiqin səbəbkarı yalnız və yalnız sirli təsadüflərlə dolu olan sevgidir. Bu gün burada olmağımı sənə borcluyam. Bütün bunların əsas səbəbkarı sənsən. Sən mənim məntiqimsən”.
Con Neşin üzünü həyat yoldaşı Alisaya tutaraq dediyi bu sözlər demək olar ki, bütün çərçivələri aşmışdı. “Ağıl oyunları”, “Con Neşin özəlliyi” kimi barəsində yazılan kitablar, həmçinin iqtisadiyyat, biologiya, süni-intellektə tətbiq olunan nəzəriyyələrinin hamısı bu etirafın içində əriyirdi. Amma bir vacib məsələ də var idi: Con Neş bu uğuru qazanan zaman, bu nitqi irad edən zaman yenə də onu “izləyən” dostu Çarlzı və zabit Vilyam Parkeri görürdü. Onlar isə çoxdan ölmüşdülər...