
Dünən I və IV qrup üzrə qəbul imtahanları keçirilib. Hər hansı fənnə aid suallarının hansı səviyyədə hazırlanması, mürəkkəblilik dərəcəsi, abituriyentlərin hansı çətinliklərlə üzləşdiyini öyrənmək üçün müəllimlərin fikirlərini öyrəndik.
AzEdu.az Kimya və Azərbaycan dili müəllimlərinin şərhlərini təqdim edir:
Kimya müəllimi Nərgiz Salmanova bildirib ki, suallar hər il olduğu kimi idi. Yəni, çətinlik dərəcəsindən tutmuş, məntiqi göstəricilərinə görə fərqli nəsə sezmədiyini vurğulayır:
“Deyim ki, çox çətin və ya asan idi, xeyr! Keçən imtahandakı sual səviyyəsi necə idisə, bu il də o cür - nəsə fərqli detal görmədim. Uşaqların əsas qorxduğu, çətinlik çəkdiyi suallar cədvəl, qrafik formalı testlərdir. Onların məsələ variantını işləsələr də, qrafik formada olanda çəkinirlər. Hətta oxumadan imtina edirlər. Ümumilikdə, normal işləmişdilər. Uşaqların özündən asılıdır. Yaxşı hazırlaşan şagird yaxşı da yazır. 20 – 25 suala doğru yazanlar da olub. Oxumayanlar daha zəif nəticə göstərirlər”.
Azərbaycan dili və ədəbiyyat müəllimi Xumar Qənbərova da fənn üzrə düşən testləri şərh edib. Onun sözlərinə görə, bir az anlayışı olan şagird testləri cavablandıra bilərdi:
“IV ixtisas qrupunun A variantı digərləri ilə müqayisədə bir qədər mürəkkəb idi. Təbii ki, bu, qrup səviyyəsini nəzərə alanda belə idi. Amma, ümumilikdə, suallar o qədər də çətin deyildi.
IV və I qrupdakı suallar fərqlənmirdi, eynilik təşkil edirdi. Variantların hamısında sualların quruluşu eyni formada idi. Sualların qoyuluşu, hətta cavablar da fərqlənmirdi. İmtahanda suallar qruplar üzrə paralel şəkildə bölünüb. I qrupun testlərini oxuduqda abituriyent cavabı asanlıqla tapa bilərdi. IV qrupda isə fərq vardı: cavablar bir-birinə yaxın idi. Ümumilikdə, çox da çətin deyildi, bir az anlayışı olan yaza bilərdi. Əvvəlki imtahanla müqayisədə o qədər də çətin suallar salındığını düşünmürəm”.
Müəllimin sözlərinə görə, şagirdlər əsasən bu mövzularda çətinlik çəkiblər:
“Alqış və müraciət forması ilə bağlı olan sual şagirdimdə çaşqınlıq yaradıb. Şagirdlərim ən çox qrammatik və leksik normaların tapılmasında çətinlik çəkiblər. Vergüllərin qoyulması, durğu işarələri də onlarda çətinlik yaradıb.
Oxuyan uşaqlar sualları normal yazıb, elə də çətinliklə üzləşməyiblər. Çətinlik hiss edənlər isə yalnız o suallarda deyil, çox yerdə çətinlik çəkiblər”.
Əsmər Qabil
Lamiyə Süleymanlı