
İyulun 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunda 22 iyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirilib.
AzEdu.az xəbər verir ki, əvvəlcə Azərbaycan Mətbuat Şurasının və “Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun nümayəndələri milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin Botanika İnstitutunun həyətindəki büstünü ziyarət edib, önünə əklil qoyublar.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov mətbuatımızın keçdiyi çətin və şərəfli yoldan danışıb, əlamətdar gün münasibətilə jurnalistləri təbrik edib. O, milli mətbuatımızın bütün dövrlərdə qabaqcıl ideyaların carçısı və daşıyıcısı olduğunu qeyd edib. “Əkinçi” qəzetinin Azərbaycanın ictimai fikir tarixindəki rolundan danışan Ə.Amaşov ümumilikdə 56 sayı çap olunan bu nəşrin sonradan milli qəzetlərin yaranmasına böyük təkan verdiyini diqqətə çatdırıb. Bildirilib ki, “Əkinçi”nin maarifçilik ideyaları öz davamını “Kəşkül”, “Ziya”, “Kaspi”, “Şərqi-rus”, “Molla Nəsrəddin” kimi dövrün tanınmış nəşrlərində tapıb. Bu mətbu orqanlar vasitəsilə xalqın mədəni tərəqqisi uğrunda mübarizə aparılıb.
Ə.Amaşov, həmçinin müasir dövrdə Azərbaycan mediasının inkişaf xüsusiyyətlərindən də söz açıb. Şura sədri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun məntiqi nəticəsi kimi bu gün ölkədə azad, demokratik və güclü mətbuatın mövcud olduğunu, hazırda müstəqil mətbuatın formalaşmasına və inkişafına xidmət edən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
“Sputnik” Beynəlxalq İnformasiya Agentliyi və Radiosunun rəhbəri Əziz Əliyev Azərbaycanda söz və mətbuat azadlığına, kütləvi informasiya vasitələrinə ən yüksək səviyyədə diqqət və qayğının göstərildiyini vurğulayıb. O, tədbir iştirakçılarını milli mətbuatın yaranmasının 143-cü ildönümü münasibətilə təbrik edib, Həsən bəy Zərdabinin maarifçilik xəttinin qorunmasından məmnunluğunu bildirib.
Tədbirdə ölkəmizdə fəaliyyət göstərən televiziya, qəzet və informasiya agentliklərinin nümayəndələri, o cümlədən science.az portalının və Elm TV-nin əməkdaşları da iştirak ediblər.