
Gürcüstan Azərbaycanlıları Qadınları İttifaqı (Gürcüstan), Təmas RİİB-i və Mülki İnteqrasiya və Milliyyətlərarası Münasibətlər Mərkəzinin (Gürcüstan) birgə həyata keçirdikləri “Yaşam dəyərləri vasitəsilə gənclərin imkanlarının genişləndirilməsi” layihəsi çərçivəsində Gürcüstanın Marneuli şəhərində ikigünlük təlim keçirilib.
AzEdu.az -ın məlumatına görə, AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təlimdə Azərbaycanın Gəncə şəhəri, Şəmkir, Samux və Göygöl rayon məktəblərindən 12 müəllim, Gürcüstanın Marneuli, Dmanisi və Saqareco rayonlarından 20 müəllim iştirak ediblər.
Təlimçi Mülki İnteqrasiya və Milliyyətlərarası Münasibətlər Mərkəzinin (Gürcüstan) əməkdaşı Natia Qorqadze olub. Əsas mövzusu “Yaşam dəyərlərinin təhsil və tədrisə inteqrasiyaysı” olan təlimdə yaşam dəyərlərinin təhsildə əsas məqsədləri müəyyən edilib, bu dəyərlərin tədris prosesinə inteqrasiyasının metodları izah olunub.
Qeyd olunub ki, yaşam dəyərləri təhsilinin əsas məqsədi gənclərdə müxtəlif dəyərlər haqqında düşünmək və bu dəyərlərin özünə, başqalarına, icmaya və bütövlükdə dünyaya ifadə etməyin praktik yollarını tapmağa imkan yaratmaqdır. Müəllimin əsas fəaliyyəti isə şagird və gənclərin öz şəxsi, sosial, əxlaq və mənəvi dəyərlərini seçməyə həvəsləndirmək və onların inkişaf və təmayülünün praktik metodları haqqında biliklərinin artırılması üçün düzgün istiqamətləndirməkdir.
Layihənin proqram üzrə məsləhətçisi Kubra Ələkbərova deyib ki, layihə çərçivəsində keçirilən ikigünlük təlimdə layihə iştirakçıları müxtəlif mədəni ifadələr yolu ilə yerli folklorun hazırlanması, toplanması və mübadiləsi ilə bağlı praktik fəaliyyət üçün bilik və bacarıqlar əldə ediblər.
Bildirilib ki, Avropa Birliyinin maliyyə dəstəyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin idarəçiliyi ilə həyata keçirilən layihə Şərq Tərəfdaşlığı Ölkələrinin Ərazi Əməkdaşlıq Proqramının Azərbaycan-Gürcüstan arasında Ərazi Əməkdaşlıq Proqramı çərçivəsində icra olunur. Ümumilikdə layihənin əsas məqsədi müsbət sosial dəyişikliklər və mənalı əməkdaşlıq üçün Gürcüstan və Azərbaycanın sərhədyanı bölgələrində yaşayan gənclərin imkanlarının genişləndirilməsidir.