
“Hazırda Milli Elmlər Akademiyası yox dərəcəsindədir. Onun rəhbərliyi yarıtmaz fəaliyyət göstərir. Oradakı struktur dəyişmədikcə, Azərbaycan elminin inkişafından söhbət belə gedə bilməz.
Bu sözləri AzEdu.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
Belə ki, Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib. Xarici ölkədən daxil olan müraciətə əsasən azərbaycanlı alimin işi araşdırılıb və onun plagiat olduğu təsdiq edilib. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbinə görə məhrumetmə barədə qərar qəbul edilib.
Baş verən hadisə digər elmi işləri də sual altına alıb.
Məsələ ilə bağlı danışan Hafiz Hacıyev ölkəmizdə elmin inkişafa doğru getmədiyini vurğulayıb:
“Hazırda Milli Elmlər Akademiyası yox dərəcəsindədir. Onun rəhbərliyi yarıtmaz fəaliyyət göstərir. Oradakı struktur dəyişmədikcə, Azərbaycan elminin inkişafından söhbət belə gedə bilməz. Məhz bu səbəbdən elmi işlər təhrif olunur və bəziləri də saxta çap orqanlarında yayımlanır.
Elmin inkişafı üçün ciddi kadr dəyişikliyi və struktur yenilənməsinə ehtiyac var. İndi kimin pulu var, verib elmi işi yazdırır və dərəcə alır. Ölkəmizdə təhsil və elm sahəsində ciddi islahatlara ehtiyac var. Bu istiqamətlərdə kordinal dəyişiklər edilməlidir”.
Qeyd edək ki, elmi dərəcədən məhrum edilən şəxs onu 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq alıb.